Hörmətli oxucular,
Bugün, sizlərə Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “Virtual Hospital” qrupu haqqında məlumat vermək istəyirik. Sözügedən qrup 2017-ci ilin oktyabr ayında Dr. Müşfiq Bəbirov tərəfindən yaradılıb və fəaliyyətə başlayıb. Qrup üzvlərinin sayı hazırda 30 minə yaxın olmaqla əsas hissəsini həkimlər və pasiyentlər təşkil edir.
Qrupu yaratmaqda əsas məqsəd həkimlərlə pasiyentlərin sıx təmasının yaradılması, qrup üzvlərini maraqlandıran sualların həkimlər tərəfindən cavablandırılması, maraqlı tibbi mövzular və ən son yenilikləri paylaşmaqla pasiyentləri maarifləndirmək və onlara düzgün istiqamət verməkdən ibarətdir. Həmçinin, qrup bir çox xeyriyyə tədbirləri həyata keçirməklə ehtiyac sahibi olan insanlara yardımlar da göstərir. Təbii ki burada həkimlərin əməyi də danılmazdır.
“Virtual Hospital” qrupu həkim heyəti tərəfindən idarə olunur. Hər gün qrup üzvləri tərəfindən çoxlu sayda suallar ünvanlanır, qrup idarəçiləri isə pasiyentlərin şikayətlərini cavablandırmağa çalışır, eləcə də aidiyyəti həkimlərə yönləndirirlər. Son zamanlar dünyada və ölkəmizdə baş verən məlum koronavirus pandemiyası insanlar arasında narahatlıqların yaranmasına, nəticədə səhifəyə ünvanlanan sualların artmasına səbəb olub. Səhifə idarəçiləri isə əlindən gələn köməyi göstərməyə çalışırlar. Lakin nəzərinizə çatdırmaq istəyirik ki, virtual olaraq müalicə mümkün deyil. Yalnız həkim xəstəni müayinə edib doğru diaqnoz qoyduqdan sonra müalicə edə bilər. Qrup üzvlərini bunu nəzərə alaraq daha anlayışlı olmağa dəvət edirik. “Virtual Hospital”ın əsas məqsədi pasiyentləri doğru ixtisas həkiminə yönəltməklə onlara yardım etməkdən ibarətdir.
Ümid edirik ki, “Virtual Hospital” qrupu illər keçdikcə daha da genişlənəcək və daha böyük uğurlara imza atacaq.














































































































































