Dünyada və ölkəmizdə baş verən koronavirus pandemiyası ilə əlaqədar olaraq insanların səhhətində bir sıra narahatlıqlar yaranmağa başlamışdır ki, bunun da əsas səbəbi hərəkətsizliyin artmasıdır.
Bu sözləri “Newpost.az”a açıqlamasında tanınmış fizioterapevt-reabilitoloq həkim Gülay Qurbanzadə deyib. O, qeyd edib ki, ümumiyyətlə müasir zəmanəmizin ən böyük problemlərindən olan hərəkətsizlik başda yüksək təzyiq və ürək xəstəlikləri olmaqla bir çox xəstəliklərə səbəb ola bilər.
Hərəkətsiz həyat tərzi əzələlərdə zəifliyə yol açmaqla oynaqlara düşən yükün artmasına səbəb olur. Nəticədə xüsusilə masaüstü işlərdə çalışan insanlarda qamət pozğunluqları, bel və boyun yırtıqları, bilək və dirsək ağrıları, diz ağrıları, oynaqlarda tutulmalar kimi problemlərə yol açır.
Ürək sağlamlığı üçün də böyük əhəmiyyəti olan fiziki aktivlik eyni zamanda stres hormonlarını da nizamladığı üçün bir çox xəstəliklərin qarşısını alır.
Mən bir həkim kimi məsləhət görərdimki, son zamanlar evde keçirilən zamanımızın daha çox olması ilə əlaqədar olaraq televizor və kompüter istifadəsinə ayırdığınız vaxtı yüngül sürətli qaçış və gəzinti kimi zehni və bədən sağlamlığınıza faydalı olacaq işlərə sərf edəsiniz.