Mən Azərbaycan dilində səlis, qüsursuz danışmağı öyrətmək üçün yeni yutub kanalı açmışam. Professional çəkiliş (rejissor, operator, işıq, HD kamera, mikrofon) edirəm. Amma izlənmə sayı, abunə sayına baxıram, başımı bulayıram. Bilirsiniz, niyə? Görün, bizim camaat nəyi ehtirasla izləyir!
“Newpost.az” xəbər verir ki, bu sözləri məşhur teleaparıcı, nitq mədəniyyəti üzrə mütəxəssis, həmçinin “Diksiya Akademiyası” MMC-nin rəhbəri Cəlalə Nəzəroğlu özünün facebook sosial şəbəkəsindəki paylaşımda deyib.
O, qeyd edib ki, yutubda abunə sayı rekord qıran, videosunun altında 1000-dən çox şərh yazılan yutuberlər nə çəkirlər? Dörd nəfəri analiz elədim və nəticə aşağıdakı kimidir:
1. Günlük yaşamını çəkir: yuxudan durdu, dişini yudu, yemək yedi, yatağını yığışdırdı (insan yatağını başqasına göstərməz), ev işi gördü, tv izlədi, sosial şəbəkədə sörfinq elədi, axşam da yatdı. Pah! Nə maraqlı! Altında şərhlər yazırlar: “Ardı gəlsin, bomba idi, sona kimi baxdım”…
2. Əri ilə düşük söhbətlər edir və ya oyun oynayır, ya da onlara verilən sualları cavablandırırlar. 2000 şərh yazıblar!
3. Hamının bildiyi makiyaj qaydalarını öyrədirlər: altdan nəmləndirici, üstdən tonal krem çək, qələmi gözünün içindən çəkmə, yoxsa gözün balaca görünəcək, nə bilim nə…
4. Qarderobu yığışdırmaq! Ətəyi belə qoy, şalvarı bura yığ, corabları ora düz. Şərhlər yazıblar: “Çox faydalı idi, mütləq yararlanacam, ardı gəlsin, həvəslə gözləyirik”.
Adama deyərlər, bəlkə sənin dolabın onunkundan fərqlidir?
5. “Mən makiyaj masasını necə yığışdırdım”?
6. “Mən evi necə təmizləyirəm”: əvvəlcə divanın döşəklərini çırpın, kənarların tozunu alın, yeri tozsoranla təmizləyin, axırda da silin…
7. “Mənə hansı rənglər yaraşır”…
8. Nay-ninay, ay qız, hurrre və sair.
Heyif, çox heyif! Amma mən yenə də çəkəcəyəm! Hər halda izləyənlər tapılacaq.
Linki də budur: bəlkə baxmaq istəyərsiniz…