Hazırda insanların psixoloji gərginliyi demək olar ki, pik həddə çatmışdır. Bunun bir neçə səbəbi var: pandemiyanın özünün yaratdığı ümumi qorxu, virusa tutulmaq, virusdan ölüm və ona yoluxma statistikasının insanları panikaya salması, sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar istənilən hərəkət və ya planların yerinə yetirilməmə səbəbi və s.
COVİD-19-un ilk pandemiya elan edildiyi dövrdə insanlar müəyyən dərəcədə qorxuya düşsələr də onlarda bu xəstəliyin maksimim ay yarım və ya 2 ay müddətində tamamilə yox olacağı və tarixə qovuşacağı ilə bağlı ümidlər var idi. Məhz bu səbəbdən hamılıqla dövlətin müəyyən etdiyi karantin qaydalarına əməl edildiyinin şahidi olurduq. Həm sosial məsafələrin gözlənilməsi, həm tibbi maskalardan istifadə olunması, eləcə də bütün növ məclislərin təxirə salınması kimi məsələləri qeyd etmək olar. Hətta bütün KİV-lərdə sözügedən xəstəliyin yay aylarında tamamilə yox olması kimi məlumatlar da insanları tam olaraq rahatlaşdırmışdı. Lakin məlum pandemiyanın zaman-zaman daha da geniş yayılması və karantin rejiminin daha da sərtləşdirilməsi məhz insanların psixoloji durumuna çox böyük təsir göstərməyə başladı. Hal hazırda pandemiyanın bizlər üçün pik həddi sayılan statistikasına baxmayaraq, cəmiyyətimizdə bir-birinə zidd fikirlər hökm sürməkdədir. Hazırda cəmiyyəti üç qrupa ayırmaq mümkündür:
-
Birinci qrup insanlar artıq bu xəstəliyə demək olar ki, heç bir şəkildə inanmır və bunu sadəcə dünya səviyyəsində aparılan və müəyyən dairələrin siyasi oyunu kimi xarakterizə edirlər. Bu səbəbdən də müəyyən edilmiş qadağalara həmin qrup insanlar demək olar ki, riayət etmirlər.
-
İkinci qrup insanlar bütün gedən prosesləri tam olaraq dərk edir, reallığı olduğu kimi qəbul edir və müəyyən edilmiş qadağalara tam olaraq riayət edərək gələcəyə nikbin bir şəkildə baxırlar.
-
Üçüncü qrup insanlar isə tam olaraq bu virusa inanır, lakin əhalinin bilik baxımından orta və aşağı səviyyəsini təşkil etdikləri üçün sözün əsl mənasında psixoloji gərginlik yaşayırlar. Bu qrup insanlar özləri ilə yanaşı ətrafında olan insanlara da öz gərginlikləri ilə mənfi enerji ötürürlər. Mənfi enerji dedikdə Operativ Qərərgah tərəfindən gündəlik elan olunan statistikanın mənfi (ölüm və yoluxma statistikası) məlumatlarını özlərinin sosial şəbəkələrində paylaşır, ailəsində olan uşaqların yanında hər gün ölüm hadisələrinin baş verdiyini, bundan qurtulmağın mümkünsüz olduğunu qeyd edir, hətta öləcəklərmiş kimi davranaraq uşaqlarına vəsiyyətlər edirlər.















































































































































