23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
“Newpost.az” xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli müvafiq Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur ki, onların da 29,0 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil etmişdir. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.