Rusiya-Azərbaycan sərhəddində, Dağıstanın Kullar kəndi yaxınlığındakı nəzarət-keçid məntəqəsində Azərbaycanlılarla yerli polis əməkdaşları arasında iğtişaş baş verib. İğtişaş nəticəsində 7 hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Dağıstan Respublikası İstintaq Komitəsinin məlumatına görə yataqxananın və müvəqqəti çadır düşərgəsinin ərazisində yerləşən 400-ə yaxın Azərbaycan vətəndaşı sərhədi açmağı tələb etmiş və Qafqaz federal magistral yolunu bağlamağa cəhd göstərmişlər.
Sərhədçilər və polis əməkdaşları iğtişaşı dayandırmağa çalışsalar da etirazçılar buna cavab olaraq onlara daş və digər əşyalar atıblar.
Nəticədə, 90-a yaxın iğtişaşçı saxlanılıb və poliş şöbəsinə gətirilib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.