Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkəmizin xarici və daxili siyasətinin uğurlu tərəqqisi, dövlətçiliyimizin və müstəqilliyimizin uğurlu davamının təminatçısı cənab Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlər qarşıdan gələn illərdə də ölkəmizin daha sürətli sosial-iqtisadi inkişafını və vətəndaşlarımızın yaşayış rifahının yüksəlməsini təmin edəcəkdir.
İqtisadiyyatın qeyri-neft sektoru olan balıqçılığın davamlı inkişafı dövlət siyasətinin yaxın illər üçün əsas prioritetlərindən biridir. Balıqçılıq təsərrüfatı milli iqtisadiyyatda mühüm sosial-iqtisadi əhəmiyyətli sektordur və ölkənin sahil ərazilərinin inkişafı üçün təməldir. Balıqçılıq təsərrüfatı inkişafının başlıca məqsədləri ölkə əhalisinin balıq məhsullarına olan daxili tələbatı, ölkənin ərzaq müstəqilliyi, su bioloji resurslarının mühafizəsi, artırılması və səmərəli istifadəsi, iqtisadiyyatı sahil balıq ovundan asılı olan rayonların sosial-iqtisadi inkişafını təmin edən şirin su və dəniz əmtəə akvakulturasının inkişafı əsasında davamlı fəaliyyətinə nail olmaqdır.
Azərbaycanın təbiəti əlverişli flora və faunaya malik olan Xəzər dənizi, Kür və Araz çayları, Maralgöl, Böyük Alagöl, Mingəçevir dəryaçəsi, həmçinin xeyli sayda digər göllər, nohur, axmazlar və digər su hövzələri ilə zəngindir. Balıqçılığın inkişafını şərtləndirən əsas amillərdən biri ovlanan balığın vaxtında emal edilə bilməsi üçün vacib sayılan yardımçı xammalın və təbii şəraitin (duz, ədviyyat, günəş, quru və isti iqlim) olmasıdır. Bu cəhətdən də ölkəmizdə çatışmazlıq olmamışdır.
Tədqiqatlar göstərir ki, Azərbaycanın su hövzələrində vaxtilə kifayət qədər yaşayan bir çox qiymətli balıqların kökü kəsilmiş, bəzilərinin kökü kəsilmək üzrədir, bəzilərinin adı qırmızı kitaba düşmüş, əksər balıqların kütləvi ovlanması qadağan edilmiş və ya məhdudlaşdırılmışdır.
Respublikamızda ərzaq probleminin həllində balıqçılığın, balıqçılıq sənayesinin, balıq malları satışının günün tələbləri səviyyəsində təşkilinin əhəmiyyəti böyükdür. Azərbaycanın ayrı-ayrı su hövzələri qidalılıq dəyəri yüksək olan balıq və balıq olmayan canlı su məhsulları ilə çox zəngindir. Balıq və balıq məhsulları əhalinin qidasında xüsusi yer tutur. Əhalinin balığa və balığın emalı məhsullarına olan tələbatı ildənilə artır. İnsan qidasının bioloji dəyərliliyini müəyyən edən ərzaq növlərindən sayılan balıq və balıq mallarına olan tələbatın tam və dolğun ödənilməsi üçün onun hasilatının artırılması, balıq ovunun məhsuldarlığının və balıqçılıq donanmasından səmərəli istifadənin yüksəldilməsi, limanları lazımi avadanlıq və mexanizmlərlə, xidmətçi, yardımçı gəmilərlə və avtomobil nəqliyyatı ilə təmin etmək, müxtəlif hava şəraitində yükləmə-boşaltma işlərini səmərəli aparmağa imkan verən texniki vasitələrlə təmin etmək vacib məsələlərdəndir. Azərbaycan Respublikasının 2020-ci ilədək olan dövr üçün iqtisadi və sosial inkişafının əsas istiqamətlərində balıq malları (konserv daxil olmaqla) istehsalının xeyli artırılması, onun çeşidinin yaxşılaşdırılması və keyfiyyətinin yüksəldilməsi irəli sürülmüşdür.
Balıqçılıq əhəmiyyətli su obyektlərinin çirklənmədən, zibillənmədən və dayazlaşmadan qorunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir: müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan balıqların kürütökmə yerlərində bənd çəkmək və dağılmış bəndləri bərpa etmək; müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında və kanallarda qalaqlar yaratmaq və ya su axınının qarşısını kəsmək, balıqçılıq su obyektlərinin üzərindəki qar və buz örtüyünü radioaktiv və zəhərlikimyəvi maddələrlə, gön-dəri, ağac və neft emalı məhsulları ilə çirkləndirmək və zibilləndirmək, dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balıqların kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq.
Balıqçılıq haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada mülki, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Xarici dövlətlərin su hövzələrində balıqçılıq haqqında qanunvericiliyi pozmuş Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, sazişlərinə, habelə digər beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası tərəfindən imzalanmış və FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən “FİSHDEV–CA” (Mərkəzi Asiyada Balıqçılıq Təsərrüfatı və Akvakulturanın İnkişafı) Regional Proqramı üzrə əlaqələndirici işləri aparır. “FİSHDEV–CA” Regional Proqramın əsas məqsədi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində regional “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın (CACFish) yaradılması olmuşdur.
Hal-hazırda 2019-2022-ci illərdə Mərkəzi Asiya və Qafqaz ölkələrində balıqçılıq və akvakulturanın inkişafını dəstəkləmək məqsədilə FAO-Türkiyə Tərəfdaşlıq Sazişi çərçivəsində “FashCUP” Proqramı üzrə texniki layihələr həyata keçirilir.
Ölkənin daim inkişafda olan qeyri-neft sahələrinə, o cümlədən idxalı əvəzləşdirəcək qida sənayelərinə dövlət tərəfindən göstərilən diqqət və qayğını nəzərə alaraq, yerli sahibkarlığı təmsil edən “CMS Properties” şirkəti bu istiqamətdə xüsusi təşəbbüs ilə çıxış edərək “Nərəkənd” layihəsini işləyib hazırlamışdır. Layihənin texnoloji xətti üzrə əsas podratçı şirkət Hollandiyanın “HESY” şirkətidir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı verdiyi xüsusi göstərişlər əsasında adıçəkilən layihə hal-hazırda Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində ümumi sahəsi 7,02 ha təşkil edən və ekoloji baxımdan münbit şəraitə malik olan ərazidə icra olunmaqdadır. “CMS Properties” şirkətinin həyata keçirdiyi layihənin başlıca məqsədi müvafiq ərazidə balıqyetişdirmə kompleksinin yaradılmasıdır. Həmin kompleks çərçivəsində müasir texnologiyalar ilə suyun təkrar dövriyyəsini təmin edən qapalı tipli, habelə sahilyanı hovuzlar ilə təchiz olunmuş açıq tipli fermaların inşası nəzərdə tutulub.
Qapalı sistemdə suyun təkrar dövriyyəsini təmin edən texnoloji proses nərə balığı istehsalının təbii faktorların təsirindən qorunmasına və yetişdirmə templərinin artmasına imkan yaradır. Burada yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılır.
Layihənin növbəti mərhələsində dənizdə qəfəs təsərrüfatının qurulması nəzərdə tutulur. Nəticədə ümumi illik istehsalat həcminin 200 ton balığa və 20 ton kürüyə çatdırılması planlaşdırılır. Kompleksin fermalarında yetişdirilmiş, habelə balıqçıların dənizdə tutduğu balığın mərkəzləşdirilmiş qaydada və zəruri normativlərə uyğun satışının təşkili məqsədilə zəruri şərait yaradılıb, balıq bazarı inşa olunub.
Qapalı tipli fermada ildə 100 ton nərə balığı əti və 4 ton kürünün istehsalı planlaşdırılır. Qapalı sistemdə suyun təkrar dövriyyəsini təmin edən texnoloji proses nərə balığı istehsalının təbii faktorların təzyiqindən qorunması və yetişdirmə templərinin artmasına imkan yaradır. Burada yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kq əmtəə çəkisinə çatdırılır. Çökə balığından kürünün çıxarılması müddəti təxminən 3 il təşkil edir. Qapalı tipli ferma üçün zəruri olan texnologiyalar Hollandiyanın “Hesy Aquaculture BV” şirkəti tərəfindən təchiz olunacaqdır.
Açıq tipli fermada ildə 50 ton rus nərəsinin yetişdirilməsi planlaşdırılır. Həmin fermada balıq istehsalı dənizdən gələn suyun intensiv mübadiləsi yolu təmin olunur. Qapalı sistemdə inkubasiya olunmuş və müəyyən yaşa çatdırılmış nərə balığının bir qisminin sonradan açıq tipli fermanın hovuzlarına köçürülməsi və həmin hovuzlarda dəniz suyuna xas olan təbii mühitdə 5 kq-dan artıq çəkiyə çatdırılması və satışı planlaşdırılır.
“Nərəkənd” layihəsi tək kommersiya deyil, o cümlədən sosial məqsədlər də daşıyır. Ərazinin yaşıllaşdırılması və əhalinin istirahəti üçün məqbul şəraitin yaradılması məqsədilə “CMS Properties” şirkəti tərəfindən Kompleksin ətrafındakı sahil zonası əhəmiyyətli dərəcədə abadlaşdırılmış və Kompleksin daxilində müasir park salınmışdır. Bundan əlavə, Kompleks çərçivəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Yelkən İdman Klubu da yerləşəcəkdir. Bununla yanaşı, Kompleksin qonaqları üçün iaşə obyektlərinin işə salınması nəzərdə tutulur.
Kompleksin fermalarında yetişdirilmiş, habelə balıqçıların dənizdə tutduğu balığın mərkəzləşdirilmiş qaydada və zəruri normativlərə uyğun satışının təşkili məqsədilə “CMS Properties” şirkəti tərəfindən yanalma pantonları quraşdırılmış və balıq bazarı inşa olunmuşdur. Ümumi sahəsi 384 kv m təşkil edən bazar 4 pavilyondan ibarətdir və bütün zəruri avadanlıqlar ilə təchiz olunmuşdur. Layihəyə əsasən ərazidə mehmanxana kompleksi, mini futbol-voleybol meydançalarından, tennnis kortlarından ibarət idman kompleksi, 300 yerlik 2 mərtəbəli restoran, “Mall” tipli ticarət mərkəzi, uşaq istirahət mərkəzi, çimərlik sahəsi, yaxt klub, həvəskar balıqçılıq zonası, sahəsi 220-400 m2 olan 11 ədəd villa tipli 2 mərtəbəli fərdi yaşayış evləri, sahəsi 120-200 m2 olan 82 ədəd villa tipli 1 mərtəbəli fərdi yaşayış evlərinin inşası nəzərdə tutulur.
Bu layihənin icrası ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, o cümlədən idxalı əvəzləyəcək məhsulların istehsalı baxımından mühüm əhəmiyyətə malikdir. Son illərdə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sahəsində mühüm nailiyyətlər əldə olunub, bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların istehsalı genişlənib.
Bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilən turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir.















































































































































