Artıq məlum olduğu kimi bir neçə gündür ehtiyatda olan hərbi vəzifəlilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlim toplanışlarına cəlb edilirlər.
Bəllidir ki, çağrışçılar içərisində işləyənlərdə var. Onlar çağrışa getməlidirlərmi, əgər gedərlərsə iş yerləri və əmək haqqı saxlanılırmı?
Newpost.az saytının suallarını cavablandıran sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspertRuslan Hümbətov bildirib ki, Hərbi vəzifəlilərin toplanışlara çağrılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunlarına müvafiq tənzimlənir. Qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Səfərbərlik hazırlığı və səfərbərlik ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR qanununun 52-ci maddəsinə əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.
Bəs əmək haqqı və iş yeri əmək məcəlləsi ilə tənzimlənmir, bunula bağlı hər hansı maddə və yaxud maddələr yoxdur?
Ümumiyyətlə hərbiçilərlə bağlı məsələlərə Əmək məcəlləsinin bir çox maddələrində rast gəlinir. Ancaq sırf siz dediyiniz məsələ Əmək məcəlləsinin 179-cu maddəsində işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallardan biri (hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda) kimi öz əksini tapmışdır.
Deyilənlərdən belə nəticə çıxara bilərik ki, işçinin hansı müddətə çağrışda olmasından asılı olmayaraq onu işdən çıxartmaq olmaz?
Bilirsiniz bunu bəzən səhv salırlar, çünki gələn çağrış (bildiriş) vəsiqələrində orta əmək haqqı saxlanılmaqla işdən azad edilir yazıldığı üçün işəgötürən və Hrlar elə başa düşür ki, işçini işdən azad etmək lazımdır. Artıq bununla bağlı mənə bir neçə şirkətdən suallar da gəlib. Bununla bağlı deyə bilərəm ki, yalnız əmək məcəlləsinin 68 və 74-cü maddəllərində nəzərdə tutulduğu kimi tərəflərin iradəsindən asılı olmayan hal olaraq – işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda işçinin əmək müqaviləsinə xitam verilir. Toplanışa çağırılmış işçilərin isə işdən azad edilməsi qanunla qadağandır.