Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılması gözlənilir.
Mərkəzin Azərbaycandakı iş mühitinə təsirləri barədə Newpost.az saytının suallarını cavablandıran sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspert Ruslan Hümbətov bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılacaq “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının bazasında yaradılması gözlənilir. Xidmətin struktur bölməsi olaraq, Xidmət rəisinin göstərişi əsasında idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsi və əmək şəraitinə dair normalara və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçülər və yoxlamalar aparmaq, nəzarət qaydasında iş yerlərində əmək şəraitinin ekspertizaını keçirmək; İş yerinin atestasıyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komisyalarına texniki və metodik kömək göstərmək Xidmətin mərkəzi laboratoriyasının əsas fəaliyyət istiqamətləridir. Buna baxmayaraq bəzi obyektiv və subyektiv səbəblərdən tam gücü ilə işləyə bilmirdi.
Səbəb kimi kadr və texniki avadanlıq çatışmazlığını qeyd etmək olar?
Deməzdim. Çünki, maşın və avadanlıqlarn alınmasına kifayət qədər pul xərclənib. BƏT-in mütəxəssisləri tərəfindən DƏMX-in əməkdaşlarına dəfələrlə treninqlər keçirilmişdi. Bu treninqlərin bir neçəsində özüm iştirak etdiyimdən deyə bilərəm ki, Laboratoriyanın ölçmə cihazları əlverişli və müassir standartlara cavab verir. Bu baza əsasında Əməyin Mühafizəsi Mərkəzi öz fəaliyyətini normal şəkildə qura bilər. Yəqin ki, yaradıldığı təqdirdə kadr və avadanlıq bazası daha da təkminləşdiriləcək.
Yaradılması nəzərdə tutulan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti nədən ibarət olacaq?
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılacaq “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verəcək. Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər göstərəcək
Qeyd etdiniz ki, laboratoriya attestasiya komissiyalarına texniki və metodik kömək göstərir, “Əməyin Mühafizəsi Mərkəzi” isə iş yerlərinin attestasiyası xidmətləri göstərəcək. Bəs atestasiyanın keçirilməsi məcburidirmi və niyə keçirilməlidir?
Əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ-hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli qərarı ilə tənzimlənir. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə isə İnzibati xətalar məcəlləsini 192-ci maddəsini 2-ci bəndinə əsasən 700 manatdan 1 200 manatadək məbləğdə cərimə edilir.















































































































































