Zəngin tarixə və mükəmməl coğrafiyaya malik Orta Şərqin önəmli bölgəsi, Azərbaycanın cənub qonşusu- İran. Avropa ilə Asiya arasında keçid mövqe, Xəzər dənizi, Fars körfəzi, Hörmüz boğazı. Nəzərə alsaq ki, dünya neft ehtiyatlarının 60%, təbii qaz ehtiyatlarının isə 45% təkcə Fars körfəzinin payına düşür, bu o deməkdir ki, İran geosiyasi və geostrateji baxımdan qüsursuz məkanda yerləşir. Daim supergüclərin diqqət mərkəzində olan İranın zamanla öz gözü də dinc dayanmayıb. Məsələn, İranın son vaxtlar Azərbaycana qarşı yüksələn aqressiyasının səbəbi nədir?
İranın həyata keçirdiyi bugünki xarici siyasət onu demək olar ki, siyasi arenasında tək qoyub. Soyuq müharibənin dünyada soyuq yellər əsdirdiyi, kapitalizmlə sosializmin qarşı- qarşıya dayandığı bir zamanda İran da öz tərəfini seçməli idi. Məhəmməd Rza Şah Pəhləvi Qərb blokunun yanında yer aldı. İranın bu seçimi ABŞ üçün çox önəmli idi. Çünki o kommunizni öz sərhədləri daxilində boğmaq, dünyaya yayılmasının qarşısını almaq üçün SSRİ-ə qarşı sıxışdırma siyasəti həyata keçirirdi. Bu seçimindən dolayı ABŞ ilə İranın münasibətləri yüksək səviyyədə idi. Şah rejimi bu yola Demokratik İran Dövləti qurmaq niyyəti ilə çıxmışdı və məqsədinə çatmaq üçün ABŞ-dən lazımi dəstəyi alırdı. Bu gün qlobal bir düyünə çevrilən İranın nüvə strategiyasının təməli də, məhz həmin dövrdə ABŞ-nin öz əli ilə atılmışdı. Bu gün isə İran nüvə programını dünyanın ən böyük supergücünə qarşı təhdid olaraq istifadə edir. Bəs necə oldu ki, birdən- birə hər şey tərs getməyə başladı?
85 milyonluq İranın milli kimliyini əhalinin yarıdan çoxunu təşkl edən fars toplumu müəyyənləşdirir. Qədim Əhəməni və Sasani dövlətləri İranın qürur mənbəyi hesab etdiyi fars dövlətləri idi. Ərəb xilafətinin süqutundan sonra əsrlər boyu indiki İran ərazisi türk mənşəlli dövlətlərin mərkəzi olmuşdu. İran İslam Resbublikasına gedən yol 1925-ci ildə İranda sonuncu Türk sülaləsi qacarların hakimiyyətinin bitməsi ilə başlayır. Fars kökənli Pəhləvilərin hakimiyyəti dövründə Böyük Britaniyanın İran nefti üzərində əldə etdiyi imtiyazlar İran iqtisadiyyatına ağır zərbə vururdu. Tanrının bəxş etdiyi bu zənginlik İran xalqına firavanlıq, xoşbəxtlik gətirmək əvəzinə bədbəxtlik, səfalət gətirirdi. Rza Pəhləvinin “Ağ inqilab” adı verdiyi 1963-cü il islahatları da, xalqı ağ günə çıxartmadı. Bundan sonra neft ölkəsi İranda bugünki vəziyyəti şəkilləndirən yeni bir dönəm başlayır. Həmin vaxt şah rejiminə müxalif olan qüvvələr arasında Xomeyni cəbhəsi xüsusilə fəqlənirdi. Fars kökənli R.Xomeyni şəriət əhli idi və Rza Pəhləvini keçirdiyi islahatlarla dini dəyərləri məhv etməkdə günahlandırırdı. Şah Rejimnin məngənəsində sıxışıb qalan İran xalqı gözünü yumub özünü Xomeyni- Molla rejiminin ağuşuna atdı. 1979-cu ildə əsrlərin sınağından keçmiş təsir gücündən – din faktorundan istifadə edərək Xomeyni şah rejimini devirib, hakimiyyəti ələ aldı .İran İslam İnqilabından sonra R.Xomeyni ABŞ və İsraili İranın əzəli düşmənləri elan etdi. ABŞ-nin İrandakı səfirliyinin 52 nümayəndəsinin əsir götürülməsi ilə bu iki dövlət arasında bu günə qədər davam edən “qan davası”nın toxumları səpildi. Regionda özündən başqa güc görmək istəməyən İran Türkiyəni hədəf alan terror qruplarına verdiyi dəstəyi, özü belə inkar etmir.
İranın Azərbaycan hikkəsinə gəldikdə isə: Türkiyənin Azərbaycan dəsti- xətti ilə Cənubi Qazqazda artan nüfuzu, Azərbaycanın son bir neçə ildə Qərbə artansürətlə inteqrasiyası və Avropadakı mövcud konfliktlə bağlı Azərbaycanın enerji resurslarından alternativ kimi isifadə ehtimalı molla rejimini rəsmən dəli edir. Çünki o heç vaxt öz sərhəddində güclü Azərbaycan görmək istəməyib. Bütün bunların fonunda Şuşa Bəyannaməsindən sonra Asiyanın dərinliklərinə doğru uzanan bir Turan daha real görünməyə başlayıb.
Bu inkişafın qarşısını almaq üçün fars rejimi öz Şimal qonşusuna qarşı iki cür silahdan istifadə edir. Onlardan birincisi radikalizmdir. Toplumun kor-koranə inanclı kəsimini siyasi məqsədlərin alətinə çevirən İranın, dini keçmişində İslam dini Zərdüştlüyü əvəz etmiş, Səfəvilərin yürütdüyü siyasətlə isə Müsəlmanlığın şiə məzhəbi İran əhlinin əqidəsində dərin kök salmışdı. Orta əsrlərdə cahil rəiyyəti tabe etmək üçün ortaya atılmış xurafat İranda 21-ci əsrdə də işlək mexanizm olaraq qalmaqdadır.
İkincisi isə İranı həm maddi, həm də mənəvi cəhətdən razı salan narkobiznesdir. Hər iki halda məqsəd bir toplumu mənən çökdürməkdir. Bunlar İranın istifadə edə biləcəyi ən unikal variantdır. İranın Azərbaycana olan hislərini açıq şəkildə ifadə edə bilməməyinin bir neçə səbəbi var. Hansı ki, hamısının kökündə qorxu durur:
1 İran, düşmənlərinin ona qarşı birləşməsindən qorxur. (ABŞ, İsrail, Türkiyə);
2 İran, Cənubi Azərbaycan əhalisinin milli kimliyinin oyanmasından qorxur;
3 Daxilində Yenilikçilərlə Şəriətçilər müxalif olan İran, yaranan şəraitdən istifadə edib reformistlərin baş qaldıracağından qorxur;
“Kərimə dövləti” isə sadəcə İranın qoca “dindar”larının xəyalının məhsuludur.
Azərbaycan Respublikasının Konstitusiyasının 18-cu maddəsinə əsasən:
AR-da din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Bunu dəyişdirməyə İran mollalarının gücü çatmaz!