Hazırda dünyanın diqqəti Köhnə Qitənin mərkəzindədir. Son iki ayda Rusiyanın Ukraynaya hücumu ilə Beynəlxalq arena qaynayan qazanı xatırladır. Baş verənləri Rusiya-Ukrayna müharibəsindən daha çox ənənəvi Qərb-Rusiya qarşıdurması kimi səciyyələndirsək daha doğru olardı. Bu prinsipial münasibətlərin kökü bir əsr öncəyə dayanır. İkinci Dünya Müharibəsinin nəticəsi olaraq dünyada hökmranlıq edən 3 ictmai-siyasi sistemdən biri məhv edildi və dünyada kapitalizmlə sosializm qarşı qarşıya qaldı. ABŞ ənənəvi olaraq müharibəni öz sərhədlərindən minlərlə kilometr uzaqda –okeanın o tayında apardığı üçün bu vəziyyətdən hər baxımdan daha karlı çıxdı. Beləliklə İkinci dünya müharibəsindən sonra son 50 il ərzində dünyada bir nömrəli supergüc ABŞ, ikinci isə SSRİ olacaqdı. Müharibə zamanı faşizmə qarşı eyni cəbhədə yer alsalar da, sonrakı dövrdə dünyanın sahibi olmaq uğrunda kəskin mübarizə başladı. Soyuq müharibənin önəmli prinsiplərindən biri sürətlə silahlanma, kütləvi qırğın silahları, nüvə arsenalı məhz həmin dövrün məhsuludur. Sovetlər dağıldıqdan sonra Qərbin qarşısında özünü onun varisi elan edən Rusiya Federasiyası dayandı.
Ukrayna məsələsinə gəldikdə isə Ruslar Rus –Kiyev knyazlığını sələfi, ukraynalıları isə öz törəməsi hesab edir. Ukrayna Rusiyanın Avropaya açılan qapısıdır və Rusiya özünü onun iqtisadiyyatında müstəsna rolu olan Ukraynasız təsəvvür etmir. İmper xislətli bu ölkə çox yaxşı bilir ki, Ukrayna olmadan Avropadan məhrum olub daha çox Asiya ölkəsi kimi qalacaq. Bu isə Rusiyanın ideyalarına ziddir və o hesab edir ki, Pyotr Avropası Rusiyanın ən təbii haqqıdır. Ukrayna və Belarusun da daxil olacağı “Slavyan İttifaqı” Rusiyanın gələcək planlarına gedən önəmli addım idi. Lakin Ukrayna geri çəkilməklə bu oyunu pozmuş oldu. “Sözə baxmayan” kiçik qardaş zamanla Rusiyanı çətin vəziyyətə salıb.
Şimal axını-2 layihəsi ilə Avropanın tamamilə Rusiyadan asılılığını həzm edə bilməyən Qərb bu dəfə “Ukrayna kartı”nı ustalıqla oynadı. Bu baxımdan Qərbin NATO hiyləsi ən ağlabatan variant idi.
Bjezinski Böyük Şahmat taxtasındakı Azərbaycandan danışarkən onu Orta Asiyadan axıb gələn qiymətli resurslar bardağının ağzındakı “tıxac” adlandırırdı. Xəzər hövzəsinə çıxışı olan Azərbaycan Cənubi Qafqazın önəmli strateji coğrafiyasıdır. Bir sözlə Böyük şahmat taxtasında Ukrayna və Azərbaycan böyük gedişlər üçün önəmli fiqurlardır. Məhz bu səbəblərdən dolayı Ukrayna və Qarabağ “kartları” son həmləyə saxlanılan “kozur”dur. Hazırda Azərbaycanın çoxvektorlu siyasəti Rusiyanın Cənubi Qafqazdan məhrum edə bilər. Bu səbəbdən də Rusiya Qafqazda “Qarabağ kartını” oynayır. Qarabağda münasibətlərin daim gərgin qalması Rusiyanın ssenarisidir. Bu baxımdan Brüssel görüşünün nəticələrini Rusiya üçün məqbul hesab etmək olmaz. Əgər Azərbaycan və Ermənistan arasında sülh bərqərar olarsa, Rusiya 5 ilin tamamında “sülhməramlı”larını Qarabağdan çıxarmaq məcburiyyətində qalacaq. Bəşəriyyətdə sülhün bərqərar olmasında dövlətlər arasında humanizm, dostluq, qardaşlıq münasibətləri önəmlidir. Lakin hər bir dövlət hər şeydən öncə öz milli maraqlarına oynayır. Okeanın o tayındakı hegemonla Şimal qonşumuzun ikinci əsrə keçən prinsipial münasibətindəki zərərçəkənlər siyahısında Azərbaycanın da adı var. “Qonşun pisdir-köç qurtar…” məsəlinin heç bir əhəmiyyət kəsb etmədiyi bu durumda maksimal mükəmməl siyasət yürütmək daha məqsədəuyğundur. Bu baxımdan ölkə başçımızın qızıl ortanı tutduraraq ard-arda yürütdüyü siyasi manevrlər təqdirəlayiqdir.
Beynəlxalq arenada Rusiyanın təklənməsi Türkiyə üçün sərfəlidir. Regionda böyük iddiaları olan bu iki ölkə vaxtilə Qərb amilinə qarşı eyni cəbhədə yer almışdı. Tarix təkrarlanır. Şuşa bəyannaməsi ilə Türkiyə-Rusiyə münasibətlərində yenidən canlanma müşahidə olunur. Bu regionun gələcəyi üçün önəmli addım olmalıdı. Rusiyanın Ukraynada məğlubiyyəti yəqin ki, onun imicinə sarılmaz zərbə vurmuş olacaq. Eyni zamanda uzun zaman əsarətində saxladığı və “gözündən uzağa” buraxmadığı Cənubi Qafqaz və Orta Asiyada Qərb faktorunun təsir gücünü artıracaq.
SSRİ-nin vaxtilə Əfqanıstana qarşı apardığı onillik müharibə vurduğu irimiqyaslı iqtisadi zərbələrlə bu nəhəng imperiyanın həzin sonunu gətirən əsas amillərdən olmuşdu. Bu gedişlə Ukrayna münaqişəsi Federativ Rusiyanın sonu ola bilərmi?
Müharibə bütün dövrlərdə bəşəriyyətin ən böyük düşməni olub. Baş verənlərdən sonra dünyanın gələcəyi haqda mülahizə yürütmək daha çətindir. Çin köhnə müttəfiqi ilə eyni cəbhədə yer alarsa, ABŞ-ın ən böyük iqtisadi partnyoru Yaponiya İkinci Dünya müharibəsində itirdiyi Kuril adalarını Rusiyadan tələb edərsə, dünyada dondurulmuş bir çox münaqişə yenidən alovlanarsa və dövlətlər öz maraqlarına uyğun tərəf tutarsa, Üçüncü Dünya müharibəsi qapıdadır deməkdi.