Suraxanıda şəhid Elvin Əlimovun adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimi keçirilib.
“Newpost.az” xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov və digər rəsmi şəxslər iştirak edib.
Suraxanı RİH başçısı Əziz Əzizov mərasimdə çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi: “Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına ucalaraq yaşadığı Hövsan qəsəbəsində dəfn olunmuşdur.
Şəhidimiz Elvin Əlimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.