Əsas səhifəSiyasətMHP sədrinin müavini, millət vəkili: “Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinə “Bəli” desə, erməni xalqı da yoxsulluqdan qurtula bilər” – MÜSAHİBƏ
MHP sədrinin müavini, millət vəkili: “Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinə “Bəli” desə, erməni xalqı da yoxsulluqdan qurtula bilər” – MÜSAHİBƏ
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydının APA-nın yerli bürosuna müsahibəsi
– Hörmətli Kamil Aydın, Azərbaycan, Qarabağ mövzusuna xüsusi diqqət göstərdiyinizin şahidi oluruq. “Müasir hadisələrin işığında Qarabağ problemi”, Antalya Diplomatik Forumunda Cənubi Qafqaz mövzulu panellərdəki çıxışlarınızda da bunu gördük. Azərbaycan təəssübkeşliyinizin səbəbi nədir?
– Mən Ərzurumluyam. Bakıdan, Naxçıvana, İqdıra, Ərzuruma, Kərkükə qədər bizim ləhcəmiz daha çox Anadolu türkcəsidir, Oğuz türkcəsidir. Rəhmətlik anam hər zaman “evet” yerinə “bəli” deyərdi. Amma ləhcə doğmalığımız olmasaydı belə, haqlı olduğu üçün hər zaman Azərbaycanın yanında yer aldım. Qarabağın rayonlarının işğalının, Xocalı soyqırımının ildönümlərində tədbirlərimiz, beynəlxalq miqyaslı konfranslarımız da çox olub. Hətta vaxtilə Londonda Qarabağla bağlı küçə yürüşlərinə də qatılırdım.
Həm də partiyamızda xarici əlaqələr şöbəsinə rəhbərlik edirəm, parlamentdə xarici siyasət komissiyasının üzvüyəm. Beynəlxalq təşkilatlarda Türkiyə qədər, Azərbaycanın da haqlarını müdafiə etməliyik və edirik. Avropa Şurası 47 ölkədən təşkil olunub, türkdilli ölkələrdən yalnız Türkiyə ilə Azərbaycan orada var.
– 45-ə qarşı 2, çətin deyil?
– Əlbəttə, çətindir. AŞPA-da bir hesabatda Azərbaycanı işğalçı kimi ittiham edirdilər. Bir italyan parlamentari dedi, biz təbii ki, Ermənistanı müdafiə edəcəyik, çünki Ermənistan ilk xristian dövlətdir. Qorxunc bir mövqedir. Doğrudur, Türkiyə ilə, yaxud Azərbaycanla bağlı bir hesabat olanda qarşılıqlı olaraq bir-birimizə dəstək veririk. AŞPA Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Türkiyə nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıcdır. AŞPA-nın iclaslarında hər zaman həmrəyik. NATO-da isə Türkiyə yapyalnızdır. Amma biz bu nisbəti artırmalıyıq. Çox hücumlarla qarşı-qarşıyayıq. Qarabağ zəfərindən sonra davamlı olaraq Azərbaycan gündəm olur. Niyə? Çünki Fransada, İtaliyada, digər ölkələrin cəmiyyətlərində ermənilər sayca bizdən çox olmasalar da, nüfuzlu yerlərdədirlər, bələdiyyə sədri, həkim, müəllimdirlər. Bəzən Fransa parlamentində ermənilər güclüdür, deyilir. Əslində isə onlar güclü deyil, bizimkilər gücsüzdür. Bizimkilər hələ yeni-yeni bir arada toplanırlar.
Amerikada Türkiyə türkləri ilə Azərbaycan türklərini bir araya gətirdik. Buna tədricən qazaxıstanlı, qırğızıstanlı və digər türklər də zamanla qatılacaq.
Ona görə xaricdə toplantılarda kommunist də olsa, bir qırğız, bir qazax görəndə bir-birimizə çox doğma oluruq.
– 44 günlük Qarabağ savaşında Türkiyə qədər digər türkdilli dövlətlərin doğmalığı, qayğıkeşliyi nədənsə görünmədi. Sizin türk dünyası haqqında düşüncəniz nədir?
– Yox, onlar da həmrəy oldular, sadəcə, bunu dillərində ifadə elədilər. Mən o ərəfədə hər biri ilə tək-tək görüşdüm. Xatırlayırsınızsa, TÜRK PA bir bəyanat da yayınladı. Təbii ki, Türkiyə qədər olmadı. Amma mən əminəm ki, bu həmrəylik zamanla olacaq.
1991-ci ildə sovetlər dağıldıqda Qazaxıstan, Qırğızıstan türklərinə türk olduqlarını deyəndə bunu aqressiv qarşılayırdılar. Amma bir qazaxıstanlı səfir bunu etiraf etdi, dedi ki, o zaman Siz mənə türk deyəndə qəzəblənirdim, amma indi mənə qazax deyib, türk deməyəndə qəzəblənirəm.
Türk dünyası, bəzən bir az da siyasi anlamda Turan konsepsiyası da deyilir. Amma bunu, sadəcə, coğrafiya ilə əlaqələndirmək doğru deyil. Biz deyirik ki, dünya coğrafiyasının harasında bir türk yaşayırsa, o bizim qardaşımızdır, dərdi dərdimiz, sevinci sevincimiz, kədəri kədərimizdir. Biz belə düşünmək məcburiyyətindəyik. Pantürkizm, panturanizm ideyası yanlışdır, bu, azsaylı türk xalqlarına – Qaqauz, Krım, Qaraçay, Balkar türklərinə və digərlərinə zərər verə bilər, bununla birlik mümkün deyil. Mən siyasətə dilçilik və mədəniyyət sahəsindən gəlmişəm. Dünyada ən çox danışılan dillər arasında 5-ci yerdəyik. Bizim dil birliyimiz, mənəvi birliyimiz olmalıdır.
İngiltərə “Brexit”də çıxdı dedi ki, mənim Avropa İttifaqına ehtiyacım yoxdur, çünki arxasında ingilisdilli Amerika, Kanada var, ingiliscə danışan icmalar var.
İngilis Dövlətlər Topluluğu deyilən bir təşkilat bir zamanlar İngiltərənin müstəmləkələri altında olan ölkələri fərqli bir konsepsiya altında bir arada tutmağa çalışır. Bunun kimi bir çox təşkilatlar var – Avropa Cəmiyyətləri, Avropa Şurası, BMT və sairə.
Bəzən bu, regional da ola bilir. Qarabağ zəfərindən sonra regional problemlərin həlli üçün altılı bir platforma təklif etdik. Yəni bizim birliyimiz türkçülük, müsəlmançılıq qruplaşması kimi anlaşılmamalıdır. Regional birlikdəlik olsun, dedik.
Antalya Diplomatik Forumunda da dedim. Münaqişə Dağlıq Qarabağdadır. BMT-yə, Avropa Şurasına, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. Ermənistan öz gələcəyi ilə bağlı özü qərar verməlidir, qonşuluq münasibətlərində, xüsusilə Azərbaycanla olan probleminin həllində kənardan verilən ağıla uymamalıdır. Ermənistan rəhbərliyi “Zəngəzur dəhlizi”nə “Bəli” desə, erməni xalqı da yoxsulluqdan qurtula bilər. Onu da deyim ki, Zəngəzur türk dünyasının boğazıdır, həm də tək türk dünyasının deyil, region dövlətlərinin, Asiya ilə Avropanın. Necə ki, İstanbuldan keçənlər dünyaya açılır, eləcə. Ona görə də Ermənistan diasporlardan, lobbilərdən ağıl almadan, fitvaya getmədən bölgədə qonşuluq münasibətlərini bərpa etməlidir. Yəni problem hardadırsa, onu region dövlətləri ilə çözmək lazımdır. Bunu Fransaya, Amerika, kənar dövlətlərə həvalə etməklə nəyə nail olundu? Odur ki, Ermənistan da daxil region ölkələri bir araya gəlməlidir. Azərbaycan, Rusiya, Ermənistan bir masa ətrafına toplaşdı, atəşkəs qərarı verildi və problem çözüldü.
– Amma Ermənistan hələ də atəşkəsi pozur…
– Bu erməniyə xas xüsusiyyətdir. 100 il öncə də fürsət tapan kimi hücum edirdi, indi də. Amma Azərbaycan möhtəşəm bir zəfər qazandı. Bütün dünyanı qarşımıza alıb onların 30 il sahibləndiklərini əllərindən almışıq, iqtisadiyyatlarını, siyasətlərini alt-üst etmişik. Ona görə hiddətlidirlər. Məncə, qələbə çalan təxribatlara getməməli, təmkinli olmalı və qətiyyəti əldən verməməlidir. Biz Qarabağı abadlaşdırmalıyıq. Yalnız siyasət deyil, elm, ürfan, təhsil, mədəniyyət, iqtisadiyyat – hamısını bir arada birləşdirdikdə biz güc ola bilərik. Hər şey gücə bağlıdır.
– Yeri gəlmişkən, Qarabağ qələbəsində Türkiyə diplomatiyasının xidmətini necə xarakterizə edərdiniz?
– Bu qələbə həm də prezidentlərimiz Cənab İlham Əliyevlə Cənab Rəcəb Tayyib Ərdoğanın düzgün siyasətinin uğuru nəticəsində mümkün oldu. Türkiyə ilə Rusiyanın S-400 anlaşmaları, Suriya mövzusunda razılaşmalar və Paşinyanın qərbpərəst, amerikapərəstliyinin pik həddi eyni vaxta düşdü, bu da diplomatik fəaliyyət fürsəti verdi. Rusiya bizim əleyhimizə olsaydı, bu qələbə asan olmazdı. Rusiya öz regionunda nəhəng ölkədir, öz yaxınında NATO-nun, Avropa İttifaqının olmasını istəyərmi? Əlbəttə, bu qələbə 44 günlük uğurla diplomatik qələbənin sintezi ilə mümkün oldu.
– Şuşaya getdinizmi?
– Azərbaycana mütəmadi gedirəm. Amma bu dəfə bizim Milli Məclis sədrimizlə parlament nümayəndələrimiz gedərkən bəzi siyasi məsələlərlə bağlı gedə bilmədim. Bəzən burda qalmaqla diplomatik fəaliyyətimizlə Azərbaycana da dəstək vermiş oluruq. Amma, əlbəttə, Şuşaya gedəcəm.