“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı Nazirliyinin “Qazaxıstan mənzil-kommunal təsərrüfatının inkişafı və modernizasiyası mərkəzi” Səhmdar Cəmiyyətinin sədr müavini Kulov Ruslan Maratoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qurumdan “Newpost.az”a verilən məlumata görə, görüşdə nümayəndə heyəti “Azəriqaz” İB-nin fəaliyyəti və tətbiq etdiyi müasir innovasiyalarla maraqlanıb.
Onlar ölkəmizdə əhali abonentləri üçün tətbiq edilən aşağı tarifli güzəştli limit həddi, əhali istehlakçılarında məişət qaz sayğaclarının quraşdırılması və əvəzlənməsi, istehlak olunmuş qazın dəyərinin ödənilməsi, qazın nəqli və satışı barədə ölkəmizdə mövcud qanunvericiliyin tələbləri ilə bağlı suallar da ünvanlayıblar.
Bundan başqa, əvvəlcədən ödənişli sayğacların iş funksiyası ilə bağlı məlumatlar əldə ediblər.


















































































































































