“Əgər tamaşaçı bir aktyoru çox görməkdən yorulubsa, demək ki, o aktyor rolunun öhdəsindən gələ bilmir”
“Yaş da öz sözünü deyirdi, Ramiz Novruza dedim ki, cavan vaxtı gəlmədim, indi necə gəlim?”
Gəncə Dövlət Dram teatrının aparıcı aktrisası, xalq artisti Pərvanə Qurbanova Moderator.az-ın suallarını cavablandırıb.
– Pərvanə xanım, artıq mövsümün sonuna yaxınlaşırıq. Teatrda və serialda işlər necə gedir?
– Bu gün bizim teatrda sonuncu praqon məşqimiz oldu. Gürcü dramaturqu Saqarellinin “Xanuma” əsəri teatrımızda səhnələşdirilib. Orada məşğulam, Xanumanı oynayıram. Bundan sonra tamaşaya daxili baxış olacaq. Teatrda işlər çoxdur. Sevə-sevə işləyirik. Əgər bir iş mənə həvalə olunubsa, onu ürəkdən edirəm. İstəyirəm ki, tamaşanı sevə-sevə oynadığım kimi, sevdirim də. “Yuxu kimi” serialına gəlincə isə. Artıq 4-cü mövsümdür ki, efirdədir. Düzdür, 2 il 4-5 ay getdi. Biri pandemiyaya düşdü, digəri isə müharibə ilə bağlı olaraq dayandırıldı. Özünüz bilirsiniz ki, o vaxt mənfur düşmən Gəncəni də hədəf almışdı. Kollektiv çıxıb getdi, çəkilişlərimiz yarımçıq qaldı. Yəqin ki, iyunun sonları sezon finalına gedəcəyik. Bu il rejissorumuz Rövşən İsax final etmək istəyirdi, amma qoymadılar, yenidən istədilər. Ən reytinqli serialdır. İnşallah ki, 5-ci mövsümdə də olacağıq.
– Bu serialda oynadığınız obraz, sizi tamaşaçıların digər rollarda qəbul etməsinə mane yaratmır?
– Əgər tamaşaçı tərəfindən sevilirsə, demək ki, hər şey yaxşıdır. Amma yeni layihələr, yeni işlər daha maraqlı olur. Bizdə təkrarçılıq olmadığı üçün ümid edirəm və inanıram ki, yeni sezonda da yeni bir iş kimi görünəcək. Daha maraqlı anlar, məqamlar tamaşaçılar üçün də maraqlı olacaq.
– Nədənsə seriallarda da, filmlərdə də eyni simaları görürük. Məncə tamaşaçılar da bu haldan artıq bezib-usanıblar…
– Niyə bezsinlər ki? Əgər bir aktyor verilən tapşırığı, rolun öhdəsindən layiqincə gəlirsə, tamaşaçı niyə bezsin?! Niyə gözü yorulsun? Təbii ki, əgər o aktyoru sevirsə. Heç uzağa getməyək. Xalq artisti Vaqif Mustafayev bütün filmlərində eyni aktyor, aktrisaları çəkib. Yaşar Nuridən yoruldunuzmu? Gözünüz doydumu? Onun kimi bir çoxları. Əgər tamaşaçı bir aktyoru çox görməkdən yorulubsa, demək ki, o aktyor rolunun öhdəsindən gələ bilmir, nə də o dərəcədə sevilmir.
– Paytaxt teatrlarına dəvət gəlibmi?
– 30 il bundan öncə rəhmətlik Oruc Qurbanov məni dəvət etmişdi. Rəhmətlik həyat yoldaşım qətiyyən razı olmadı, amma mən getmək istəyirdim. Yoldaşım narazı olduğu üçün biz burada qaldıq. Amma daha sonra Ramiz Novruz dedi ki, “teatrda da rəhbərliklə danışmışıq, gəlsən çox gözəl olar”. Allah ona rəhmət etsin, çox sevirdim onu. Ölümü mənə çox pis təsir etdi. Dedim ki, “ay Ramiz, cavan vaxtı gəlmədim, indi necə gəlim?”. Köklü ağacı da çıxarıb başqa yerdə basdıranda quruyur. Yaş o yaş deyildi. Çox şükür şəhərimə də, teatrıma da. Mən buranı sevirəm. Mənim üçün bura çox rahatdır.
– Sizin tanınmış teleaparıcı Zaur Baxşəliyevlə çox yaxın dost olduğunuzu bilirəm. Bu dostluq necə yaranıb?
– Zaur Baxşəliyev mənim çox sevdiyim, hörmət etdiyim, dəyər verdiyim bir aparıcı, bir jurnalist, bir insandır. Zauru çox sevirəm. Bilmirəm, hansısa verilişini Gəncəyə həsr etmişdi və gəncəliləri, Gəncənin sayılıb-seçilən ziyalılarını dəvət etmişdi. O verilişdən sonra bizim dostluq münasibətlərimiz yarandı. Zaur hər dəfə Gəncəyə gələndə bizim evdə qonaq olur. Özüm dəvət edirəm. O insanı çox sevirəm. O sənət adamlarına hər zaman çox böyük diqqətlə, dəstəklə yanaşıb. Teatrımızın aktyoru, əməkdar artist İlham Hüseynovun ayaqlarından əməliyyat olunmasına köməklik göstərdi. İlhamdan nə vaxt soruşurduq ki, nə vaxt əməliyyat olunacaqsan? Deyirdi ki, “əməliyyat üçün pul yığıram”. Zaur Baxşəliyev tam təmənnasız onun iki ayağını da əməliyyat etdirdi. Bizim aktyorumuz Samir Abbasovun gözünü əməliyyat etdirdi. Ayaqlarımda çox ağrılar hiss edirdim. Bu yaxınlarda mənim dizlərimdəki ağrıların qarşısını almaq üçün kök-hüceyrə etdilər. Mən həqiqətən də o kök-hüceyrənin nəticəsini görürəm. Çox yüngülləşmişəm. Zaur Zaurdur da. Allah ona kömək olsun. Arzu edirəm ki, necə ki, insanları sevindirir, özü də balalarından sevinsin.