2004-cü il fevralın 1-i gecə saat 12-ni keçirdi, artıq qol saatımda da tarix 2 fevralı göstərməyə başlamışdı. Birinci kursun ilk semestr imtahanlarını əla qiymətlərlə başa vurub xoş əhval-ruhiyyə ilə ikinci semestr dərsləri başlayana qədər doğmalarımla, yaxın dostlarımla səmərəli vaxt keçirmək üçün doğma kəndim – Şəmkir rayonunun Düyərli kəndinə gəlmişdim. Çünki 3 ildən artıq bir müddət idi ki, ali məktəbə imtahan vermək üçün gecəmi-gündüzümə qatıb oxuyurdum. Dostlarımla xeyli müddət idi doyunca vaxt keçirə bilmirdim. Uzun zamandan sonra ilk dəfə idi ki, dərindən nəfəs alırdım, qiymətlərimin də əla olması əhvalımı lap sevincli etmişdi. Atamın da Moskva şəhərində işləri təzə-təzə öz qaydasına düşmüşdü. Bu da mənim sevincimi ikiqat artırırdı. Gələcəyimizin çox gözəl olacağını artıq xəyalımda canlandırırdım. Balaca uşağa ən sevimli oyuncağı hədiyyə alanda necə sevinir, bax həmin an mənim sevincim ondan da artıq idi. Hardan biləydim ki, bir neçə saat sonra sevincim ürəyimdə qalacaq, hardan biləydim ki, dünyam dağılacaq, hardan biləydim ki, arxam, dayağım atam bu fani dünya ilə əbədi olaraq vidalaşacaq!
Artıq gec olsa da yata bilmirdim. Çünki qəflətdən heç vaxt şikayət etmədiyim baş və diş ağrıları məni narahat etməyə başlamışdı. Ağrılar olduqca şiddətli idi. Həmin günü gecəni səhərədək yata bilmədim. İçimdə olduqca böyük bir narahatçılıq var idi. Sanki dünya başıma yıxılırdı. Bir şeyi qeyd edim ki, mən qəlbən sevdiyim insanların başına gələcək pis hadisələri, onların narahatlığını dərhal hiss edir və duyuram. Sən demə həmin saatlarda atam evindən, doğmalarında uzaqlarda həyatla vidalaşırmış.
Səhər açılır və mən həyətimizdə var-gar edirəm. Təxminən saat 8:30 radələrində mamamın atası, rəhmətlik Şükür babam qapıdan içəri girir. Mənə atamın ölüm xəbərini verir. Həmin an sanki atamla birgə demək olar ki, ruhən mən də bu dünyanı tərk edirəm. Əlim çatmadı haray verim. Dünya başıma fırlandı. Ata, mən səni son dəfə görə bilmədim. Bəlkə vəsiyyətin olacaqdı mənə. Sənin uzaqlardan nəşin gəldi, ata. 4 fevral tarixində səni qara torpağa tapşırdıq.
O hadisədən artıq 19 il ötür. Belə bir deyim var “zaman hər şeyin dərmanıdır” amma inanın bu deyim mənim üçün tam yaddır. Əksinə hər gün onun ölümü mənə daha çox təsir edir, onun yoxluğunu əvvəlkindən də çox hiss edir, ona daha çox ehtiyac duyuram. Düşünürəm bu gün olsaydın həyatım necə olardı?!
İndi bu acı qanımda, canımda, büsbütün ruhumdadır. Amma yaşayıram. Doğrusu, özüm də bilmirəm ki, qəlbimdə bu boyda ağrı-acı ola-ola necə yaşayıram. Bəlkə məni yaşamağa ruhlandıran atamın mənimlə, doğmalarımla bağlı yarımçıq qalmış arzularıdır ki, mən yaşayım və onları reallaşdırım.
Ata deyəndə mənim üçün həyat durur. 19 ildir ki, atam həyatda olmasa da o həmişə mənim qəlbimdədir. Hər hərəkətimlə ona layiq olmağa çalışıram.
Mənə elə lazımsan ki, birdən sənə yenidən sarılmaq səni qucaqlamaq, uşaq ikən etdiyim hər bir şeyi yenidən yaşamaq, səninlə keçirdiyim bütün günləri geriyə qaytarmaq istəyirəm.
Ata, bax mən ali məktəbi bitirdim, iş sahibi oldum, mənim də, bacımın da övladları dünyaya gəldi amma sən uzaqlardan qayıtmadın. Nəvə görmək, əzizləmək qismətin olmadı. Ata nədən başlayım, nədə bitirim heç bilmirəm. Səni yox kimi necə qəbul edim bilmirəm. Necə anlatım içimdəki bu boşluğu, bu ağrını, sən yoxsan və bu gerçəkdən başqa hər şey yalandır. Səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaqdayam, düşüncələrimi hərəkətlərimi etdiyim hər şeyi, səhvlərimi sənə deyil rəsminə danışıram. Ağlayıram mən, yenidən ağlayıram.
Bu dünyada təsəllim, tək sığınacağım sən idin. Çünki sən vardın, nə etsəm məni qoruyacağına əmin idim. Səhvi səhv dalınca etsəm də qorxmazdım. Heç bir şeydən qorxmurdum, amma bu gün çəkinirəm… Bu gün artıq səhvə yol verə bilmirəm. Niyə belə anidən cixib getdin ki? Sənsizliyin acısını istəmirəm! Yolun düşsə bu dünyaya bir də gəl!