Füzuli şəhərinin işğaldan azad olunmasından iki il ötür. Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur.
23 avqust 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu 17 oktyabr 2020-ci ildə cənab prezidentin rəhbərliyi ilə yenidən azadlığına qovuşdu. Baxmayaraq ki, 05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu və rayonun işğaldan azad olunmuş ərazilərində rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.
Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.
Artıq azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, həmin ərazilərdə həyat yenidən öz axarına düşmüşdür.
Qeyd edək ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub. Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur.
17 oktyabr nəinki fizulilərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan on minlərlə qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edəcəklər.
Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini