Ölkələrin, xalqların taleyində elə hadisələr baş verir ki, onu illərlə, əsrlərlə unutmaq olmur. Azərbaycan xalqının taleyində də elə əhəmiyyət daşıyan günlər var ki, onun gələcək həyatını müəyyən edən mühüm hadisələrin başlanğıcı da adlandırmaq olar. Belə günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, tarixi əhəmiyyətə malik bir gündür. 1993-cü il iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu şərəfli tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Ulu Öndərimiz Heydər Əliyevin adı Azərbaycan tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə xaos höm sürürdü, hakimiyyət böhranı pik həddinə çatmışdı, xaos və anarxiya ölkəmizin başının üstünü alan təhlükə buludunu bir az da qatılaşdırırdı. Vətəndaş müharibəsi astanamızda idi, ölkədə baş alıb gedən qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində baş verən hərc-mərclik, özbaşınalıq, həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan səriştəsiz “kadrlar”ın rəhbərlik etməsinə görə baş verirdi. Əhali arasında gündən-günə nüfuzunu itirən o vaxtkı iqtidar hadisələri düzgün qiymətləndirə bilmədikləri kimi, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ulu Öndərimiz Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Belə bir qarışıq zamanda Azərbaycana ən böyük təhlükə torpaqlarımıza göz dikmiş Ermənistan silahlı qüvvələrindən gəlirdi. Daşnak-terrorçuların Azərbaycanın kənd və qəsəbələrinə, xüsusilə də sərhəb bölgələrinə davamlı hücumları daxili düşmənlərimizlə sinxron olaraq getdikcə artırdı.
Azərbaycanın şərqinə, paytaxt Bakıya qaçqın və məcburi köçkün axını başlamışdı. Erməni terrorçuları azərbaycanlıları bilərəkdən öz doğma yurd-yuvasından didərgin salırdı ki, Azərbaycanın başı həm də daxili problemlərin həllinə qarışsın və beləliklə Qarabağı və ətraf rayonları müqavimətsiz ələ keçirsinlər.
Belə bir zamanda, əhalinin gündən-günə ağırlaşan sosial problemləri, ümumiyyətlə, ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac duyulurdu. Hakimiyyəti zorla ələ keçirən, seçkilərdə xalqa “dağlar” vəd edən cinayətkar ünsürlər vəziyyətin ciddiliyini nəzərə alıb məsuliyyətdən yayınmağa çalışsalar da bu mümkün olmadı. Hər kəs, gələcəyimizdən narahat olan hər bir azərbaycanlı ölkəni bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət kimi məhz Heydər Əliyevi görürdü. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına, təkidli müraciətlərinə səs verərək Bakıya gəldi və Azərbaycanı bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, ölkəmizin, xalqımızın taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 15 iyun tarixində isə Ulu Öndərimizin, Xalqın Xilaskarının hakimiyyət sükanı arxasına keçməsi parlamentdə hüquqi cəhətdən təsdiqini aldı. Gələcək inkişafımızın təməli qoyuldu. Vətəndaş müharibəsinə, qardaş qırğınına, Azərbaycanın parçalanmasına, xaosa, anarxiyaya, hüquqsuzluğa, dərəbəyliyə son qoyuldu.