Nuranə Nur – şair-publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı. 3 kitab müəllifi. Hazırda Azərbaycan Yazıçılar Birliyində “Ədəbiyyat qəzeti”ndə ədəbi işçidir. Əsərləri xarici dillərə tərcümə olunub. Amerikada, Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda, İraqda ədəbi dərgilərdə çap olunub. Yaradıcılığı haqqında tanınmış yazıçı və tənqidçilər məqalələr yazıb, tez-tez TV və radio dalğalarında çıxışları olur. Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təsis etdiyi “Gənc Ədiblər məktəbi”nin, BSU Yaradıcılıq fakültəsinin məzunudur.
Newpost.az olaraq şairin bir neçə şeirini sizə təqdim edirik.
ODU ÜŞÜYƏN ŞAM
Boyunda ucalıq hissi,
Bətnində Günəşi qucaqlamaq.
Yerin cazibəsindən də güclüdür,
Qəmzəsində gizlətdiyi ulduz
Milyon illərdi parıldayır.
Oğlunun ilk topu – böyrəkləri,
Qızının ilk gəlinciyi – göbəyi.
İlk beşikdi o,
İlk oyuncaq.
Bütün qadınların arzusu,
Doğma həyat sancısı…
Özünü hamıdan soruşan,
Odu üşüyən şam…
Bir çiçəklik çəmən,
Bir ağaclıq meşə…
Hazır yanmağa həmişə.
Razıdır adını unutsun hamı
“Ana” desinlər ona.
AĞLA, GÖZLƏRİNİN YAŞINA DÖNÜM
Məni axtardığın yerdə tapmasan,
Ağla, gözlərinin yaşına dönüm.
Yağış əvəzinə yalqızlıq yağır,
Bir az səbirli ol, başına dönüm.
Bir az yoxluğunda yaşayım səni,
Yenə misralara daşıyım səni.
Bomboş küçələrdə üşüyərsən, gəl
İsti divarına, daşına dönüm.
Gündüzün günlərə qarışıb itib,
Gecələr yuxunun gözündə bitib.
Bəlkə də, xəyalım yadından çıxıb,
Gəlim kirpiyinə, qaşına dönüm.
Demirəm həyatın, nəfəsin olum
Bir qurtum yaşamaq həvəsin olum.
“Bəlkə”ni əkənlər bitmir deyirlər,
Kaş ki, həyatının “kaş”ına dönüm.
Məni axtardığın yerdə tapmasan,
Ağla, gözlərinin yaşına dönüm.
Yağış əvəzinə yalqızlıq yağır,
Bir az səbirli ol, başına dönüm.
BAŞMAĞIMI TAPSANA…
Uzaqlardan gələn igid,
Kimi qoyub gəldin uzaqlarda?
Səni kimi unutdu ki, gəldin keçmişdən,
Səni kim sevdi ki, düşdün buralara?
Uzaqlardan gələn igid,
Üç öpüb, bir dişləsənə …
Bir ovuc yovşan versənə…
“Kəhər ata min” desənə,
“Çap arxamca gəl” desənə.
İtən başmağımı tapsana…
Adımı sorma igid,
Mənə Dədəm Qorqudun yerini söylə…
Məhəmmədin üzünün suyu
köməyin olsun.
Xanım heyy…
Cıdır düzünə aparsana,
Yaylığımı tutsana,
Başmağımı tapsana,
Məni başa düşsənə…
Qarabağımı gördünmü,
Xarı bülbülümü sordunmu?
Xanım heyy…
Söylə, kim unutdu səni,
Söylə, kim sevdi?
Tanışlıq, ayrılıq…
RƏSUL RZANIN XATİRƏSİNƏ
Gedəcəyim yer,
Oxuyacağım kitab,
Baxacağım tamaşa,
Tanış olacağım insan…
Yerdənmi gələcəksən,
Göydənmi,
Yanaqlarına ayrılıq bulaşan
Bir uşağın təbəssümündənmi?
Bəlkə torpağı göyə çəkən
Çiçəklərin ətrindən,
Bilmirəm…
Biz əvvəl də tanış idik,
Min il, yüz il öncələr.
Min il, yüz il sonralar da.
Ayrılıqlar dövründə,
Görüş anı düşüncələr dincələr,
Ayrılıqlar yorular.
Yolların sonunda, əvvəlində
Pəncərlər açılanda, örtüləndə…
Baxıram “İnsanlar gəlib gedir,
Aylar, illər üstündən”
Rəsul Rza da onların içində,
Lap öndə,
Mən 40 ildi dayanmışam
Bu pəncərinin önündə.
Ayrılıqlar, görüşlər,
Dünyanı təzələyər.
Dünyanın əvvəlində,
Dünyanın axırında,
Səni insan gözləyər.
Ayrılıqla, görüşlə
İnsan da təzələnər.
Pəncərələr açılar,
Pəncərələr örtülər.
BİRCƏ KƏLMƏ
Kimindi bu darıxmaq?
Mənimdisə niyə narahatam?
Sənindisə məndə nə işi var?
Gəl!
Al!
Apar!
Susuram eşitmirsən?
Heç kimə demərəm kimin olduğunu,
Gəl apar.
İndi sənin başının üstündə bambaşqa göy üzü var.
Burda xatirələr yaşanananların əyninə böyük ,
Küçələr şəhərin əyninə dar.
Burda küçə fənərləri başıaşağı,
Göyün üzünə baxa bilmirlər.
Gecələrə şeir demişəm,
Xatirə danışmışam,
Nağıl uydurmuşam.
Eşq dedikləri boşluğa
Bu ömürü sığdırmışam.
Narahat olma, tək deyiləm ki?
Dustaqlar, əsgərlər,
Təqaüdçülər, maaş alanlar da günləri sayır.
Darıxsan şeirimə sarıl,
Bir misrama ötür əl.
Heç nə yazma, bircə kəlmə
Gözlərini götür gəl.
YARALI
Yaralıyam,
Xəyalından yıxılmışam.
Yanına gələ bilmərəm daha
qırılıbdı dizlərim.
Aydınlıqdan küsüb daha,
Sən baxışlı gözlərim.
Uzatma əllərini tuta bilmərəm,
əllərim də yaralı.
Sən ilk tibbi yardımı da,
bacarmırsan deyəsən.
Yaralarım sağalan kimi,
həyatıma rəng qatacam
hansı rəngdən başlayım,
görəsən?