“Yaşınızdan asılı olmayaraq arzularınızın arxasınca getməkdən qorxmayın, cəsarətli olun, inanın ki, peşman olmazsınız”.
Bu sözlər hazırda İsveçin Lund şəhərində iki illik magistr təhsilini başa vurmaq üzrə olan Azərbaycanlı xanım Ruhiyyə İsayevaya məxsusdur. İsveçdə təhsil almaq onun çoxdankı arzusu idi… 1998-ci ildə Xəzər Universitetini bitirərkən təhsilini məhz Lund Universitetinin Beynəlxalq İnsan Hüquqları Hüququ üzrə Magistr proqramında davam etdirməyi xəyal etmişdir. Lakin konservativ Azərbaycan ailəsində böyümüş bir gənc qızın həmin illərdə xarici ölkəyə tək səyahət etməsi və orada təhsil alması onun üçün sadəcə əlçatmaz bir arzu idi. Odur ki, o, həmin dövrə xas olan gerçəkliyi qəbul edərək Magistr təhsilini Azərbaycanda davam etdirir və ingilis dilini yaxşı bildiyi üçün bir neçə beynəlxalq təşkilat və şirkətlərdə uğurlu karyera qura bilir. 2002-ci ildə o, artıq “Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü”nün (ABA CEELİ) Azərbaycandakı ofisində Hüquq Resurs və İnformasiya Mərkəzinin Direktoru təyin olunur. 2005-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü qəbul edilərək peşəkar və uğurlu vəkillik fəaliyyəti ilə məşğul olur. Eyni ildə Hüquq Resurs və İnformasiya Mərkəzi İctimai Birliyini təsis edərək onun sədri seçilir. 2013-cü ildən Bakı Dövlət Universitetində Almaniyanın Vürzburq Universiteti ilə birgə təşkil olunmuş Avropa Hüququ üzrə Magistr proqramında ingilis dilində “Avropa hüququnun milli hüquqa təsiri” fənnini tədris edir. Avropa Şurasının HELP proqramı üzrə təlimçi kimi Avropa Konvensiyası üzrə hüquqşünaslara və vəkillərə bir neçə təlimlər keçir. Daha sonra Ədliyyə Akademiyasında Vəkilliyə namizədlər üçün “Vəkilin mülki prosesdə iştirakı” mövzusunda təlim keçir.
Lakin uğurlu karyera qurmasına baxmayaraq o, öz arzusunu heç vaxt unutmur çünki o inanır ki, yalnız yaxşı və davamlı təhsil almaqla və özünü inkişaf etdirməklə cəmiyyətdə və insan hüquq və azadlıqların müdafiəsi və təminatında müsbət dəyişikliklərə nail olmaq olar. Odur ki, gec olsun, güc olsun deyərək, o öz arzusunun dalınca getmək qərarına gəlir. Beləliklə 20 il sonra Ruhiyyə İsayeva arzuladığı Lund Universitetinin Beynəlxalq İnsan Hüquqları Hüququ üzrə Magistr proqramına qəbul olunur. Lakin təhsil və yaşayış xərci yüksək olduğundan İsveç İnstitutunun Visby təqaüdünə müraciət edir və nəhayət onu da qazanaraq bu arzusunu gerçəkləşdirmək mümkün olur. Beləliklə, o 2018-ci ildə 11 yaşlı oğlu ilə birgə İsveçin Lund şəhərinə gedir, daha sonra qızı orta təhsilini başa vuraraq atası ilə birgə onların yanına gəlir və o da Lund Universitetinə, Beynəlxalq Biznes üzrə Bakalavr proqramına qəbul olunur. Təhsil aldığı iki illik müddət ərzində Ruhiyyə xanım bir çox ictimai və könüllü işlərlə məşğul olur. Belə ki, o, 2018-ci ildə Lund şəhərində təhsil alan tələbələr tərəfindən İsveç İnstitutunun Gələcək Qlobal Liderlər Şəbəkəsinin Lund üzrə İdarə Heyətinin sədri və eyni zamanda Jus Humanis beynəlxalq insan hüquqları təşkilatına Vitse-prezident vəzifəsinə seçilir və fəaliyyət göstərdiyi bir il müddətində tələbələr üçün 20-dən çox tədbir təşkil edir. Daha sonra Lund Universitetində Beynəlxalq Mentor və Beynəlxalq Tələbə Səfir və bir neçə təşkilatlarda (Rädda Barnen, CISV Malmö-Lund, və s.) könüllü kimi fəaliyyət göstərir. 2020-ci ildən Skane-də Türk Qadın və Uşaq Təşkilatının İdarə Heyətinin üzvü seçilir. Məhz bu fəaliyyətlərin nəticəsidir ki, hazırda Lund şəhərində tələbələr Azərbaycandan olduqlarını dedikdə xarici tələbələr onlardan Ruhiyyə İsayevanı tanıyıb-tanımadıqlarını soruşurlar.
Bir neçə aya Ruhiyyə İsayeva Magistr təhsilini başa vuracaq və sevindirici hal ondan ibarətdir ki, Lund Universitetinin Beynəlxalq İnsan Hüquqları Hüququ üzrə Magistr proqramı barədə məlumatı hazırda universitetin və hüquq fakültəsinin internet səhifəsində məhz Azərbaycandan olan Ruhiyyə İsayeva təqdim edir.
Odur ki, Ruhiyyə İsayeva demişkən, çalışın arzunuzdan vaz keçməyin. Yolunuzdakı hər hansı bir maneə və çətinliklərdən asılı olmayaraq arzularınızın arxasınca gedin və bunu edərkən məqsədləri düzgün müəyyən edin, hədəflərinizə çatmaq üçün hərəkət edin və ən əsası cəsarətli olun, inanın ki, peşman olmazsınız!