Dünyada hər il milyonlarla cinayət aktı törədilir. Bu cinayətlərdən biri də çirkli pulların yuyulması cinayətidir. Belə ki, bu cinayət nəticəsində hər il, təqribən, 800 milyard dollar ilə 2 trilyon dollar arasında pul vəsaiti leqallaşdırılır və ya buna cəhd edilir. Belə geniş yayılmış cinayətin qarşısının alınması isə həm dövlətdaxili, həm də beynəlxalq səviyyədə effektiv mübarizə tədbirlərinin mövcudluğunu tələb edir. Bu mübarizə tədbirlərinin tətbiqi prosesini isə müvafiq beynəlxalq təşkilatlar, o cümlədən, beynəlxalq təşkilatların müəyyən etdiyi prinsipləri və qaydaları rəhbər tutan dövlətdaxili orqanlar həyata keçirir. Məhz bu essedə də həmin təşkilatlardan, orqanlardan, onların müəyyən etdiyi prinsiplərdən və çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərindən danışılır.
Açar sözlər: Uotergeyt qalmaqalı, müdafiə mexanizmləri, eyniləşdirmə tədbirləri, risk əsaslı yanaşma, qayda əsaslı yanaşma, direktivlər, FATF-ın tövsiyələri, peşəkar təşkilatlar.
Giriş.
Biz davamlı olaraq mətbuatda, kütləvi informasiya vasitələrində çirkli pulların yuyulması termini ilə rastlaşırıq. Bəs çirkli pulların yuyulması nə deməkdir və mahiyyəti nədən ibarətdir? Bu ifadə keçən əsrin ortalarında Amerika Birləşmiş Ştatlarında meydana gəlmişdir və mafiyanın gördüyü çirkli işlərlə bağlıdır. Belə ki, mafiya illeqal yollardan- dələduzluqdan, qumar oyunlarından, qaçaqmalçılıq yolu ilə gətirilmiş spirtli içkilərin satışından və qanunla qadağan olunmuş digər hərəkətlərin edilməsindən əldə edilmiş nağd pul vəsaitini qanuni yolla əldə edilmiş vəsait kimi göstərməyə çalışırdı. Bu məqsədlə Al Kaponi başda olmaqla mafiya üzvləri çirkli pulları “leqal pula” çevirəcək şirkətlər açmağa başladılar. Bu bizneslər arasında isə ən böyük pay camaşırxanaların idi. Belə ki, camaşırxanalarda müştərilərin qeydiyyatı aparılmır və vergi əsaslı yayınmalar çox olurdu. Məhz çirkli pulların yuyulması ifadəsi də elə buradan ortaya çıxdı. Kütləvi informasiya vasitələrində ilk dəfə olaraq çirkli pulların yuyulması ifadəsinin işlədilməsi ABŞ-da baş verən “Uotergeyt qalmaqalı” ilə bağlıdır. Belə ki, ABŞ prezidenti Riçard Nikson və onun seçki qərargahı qeyri-qanuni vasitələrlə topladıqları ianələri Meksikadakı hesaba göndərmiş daha sonra isə həmin vəsaiti Mayamidəki bir şirkətə köçürmüş və həmin vəsaiti leqallaşdırmışdı. Təsadüfi deyil ki, ABŞ mütəşəkkil cinayətkarlıqla üzləşən ilk dövlətlərdən olduğu üçün çirkli pulların yuyulması ilə bağlı ilk qanunvericilik aktları da 1970-ci illərdə məhz orada qəbul edilmişdi. Bunlar “Mütəşəkkil cinayətkarlığa nəzarətə dair”, “Bank sirri” və “Narkotiklərin yayılmaması üzrə ümumi nəzarət haqqında” qanunvericilik aktları idi.
Çirkli pulların yuyulması nədir?
Gəlin, anlayışları izah edək. Belə ki, Avropa Parlamentinin direktivində göstərilir ki, çirkli pulların yuyulması dedikdə:
-
Əmlakın cinayәt fәaliyyәti vә ya bu cür fәaliyyәtdә iştirak nәticәsindә әldә edildiyini bilә-bilә, hәmin әmlakın qeyri-qanuni mәnbәyini gizlәtmәk vә ya әsas hüquq pozuntusunun törәdilmәsindә iştirak edәn hәr hansı şәxsә öz әmәllәrinә görә hüquqi mәsuliyyәtdәn qaçmaq üçün yardım etmәk mәqsәdilә hәmin әmlakın ötürülmәsi vә ya onun statusunun dәyişdirilmәsi;
-
Əmlakın cinayәt fәaliyyәti vә ya bu cür fәaliyyәtdә iştirak nәticәsindә әldә edildiyini bilә-bilә hәmin әmlakın hәqiqi tәbiәtinin, mәnşәyinin, olduğu vә yerlәşdiyi yerin, hәrәkәtinin vә ya onunla әlaqәdar hüquqların gizlәdilmәsi vә ya ört-basdır edilmәsi;[1]
Çirkli pulların yuyulması predikativ cinayətdir. Predikativ cinayət termininə “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda anlayış verilir və göstərilir ki, predikativ cinayət törədilməsi nəticəsində bu Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti ola bilən gəlirlərin əldə edildiyi hər hansı bir cinayət əməlidir.[2]
Çirkli pulların yuyulmasına qarşı beynəlxalq müdafiə mexanizmləri.
Beynәlxalq sәviyyәdә çirkli pulların yuyulmasına qarşı müdaifə mexanizmlərini 3 səviyyəli müdafiə mexanizmi olaraq mərhələlərə bölə bilərik. Çirkli pullarını depozit hesabına qoymaq istəyən şəxs banka yaxınlaşanda ilk olaraq, 1-ci səviyyəli müdafiə mexanizmi işə düşür. Bu zaman bank əməkdaşı depozit hesabına pul qoymaq istəyən şəxsdən eyniləşdirmə əməliyyatları üçün müvafiq sənədlər tələb edir, məsələn, şəxs sahibkardırsa, vöen hesab məlumatları tələb olunur. Burada digər bir vacib məqam isə eyniləşdirmə tədbirlərinin nə zaman həyata keçirilməsi məsələsidir. Belə ki, ölkəmizin qanunvericiliyinə nəzər salsaq, görərik ki, eyniləşdirmə və ya uyğunluq tədbirlərinin həyata keçirilməsi üçün 5 hal müəyyən olunmuşdur:[3]
1.İşgüzar münasibətlərin yaradılmasından əvvəl;
-
İyirmi min manat məbləğində və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
-
Maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl;
-
Əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;
-
Əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda.
Sonra isə 2-ci səviyyəli müdafiə mexanizm işə düşür. Bu zaman çirkli pulların leqallaşdırılmasına qarşı bankın ixtisaslaşmış departamenti ekspertizalar həyata keçirir. Sözügedən departament 1-ci səviyyəli müdafiə mexanizmi zamanı qeyri-adi əməliyyat və ya şübhəli əməliyyat kimi qeyd olunmuş əməliyyatların sonrakı dəyərləndirilməsini aparır. Qeyri-adi əməliyyat dedikdə normal əməliyyatlardan fərqlənən hər hansı bir əməliyyat başa düşülür. Odur ki, gündəlik köçürmələr belə qeyri-adi əməliyyat kateqoriyasına aid ola bilər. Lakin, ilkin araşdırmalar nəticəsində həmin əməliyyatların qeyri-adiliyi aradan qalxmırsa, bu zaman onlar şübhəli əməliyyat kimi tövsif olunur.
Ən sonda 3-cü səviyyəli müdafiə mexanizm işə düşür. Bu mexanizm müstəqil formada fəaliyyət göstərən daxili auditdir. Daxili audit isə obyektiv audit xidmətini həyata keçirir və kredit təşkilatının daxilində baş verən bütün bu növdən olan əməliyyatları risk əsaslı yanaşma və ya qayda əsaslı yanaşma əsasında yoxlayır. Risk əsaslı yanaşma dedikdə, yalnız qeyri-adi və ya şübhəli əməliyyatların yoxlanılması, qayda əsaslı yanaşma dedikdə isə, istisnasız olaraq bütün əməliyyatların yoxlanılması nəzərdə tutulur. Maliyyə Tədbirləri üzrə İşçi Qrupu, yəni “FATF” risk əsaslı yanaşmada 4 əsas risk kateqoriyası müəyyən edir. Bunlara aiddir:
-
Müştəri riski
-
Ölkə riski
-
Məhsullar/xidmətlər riski
-
Bölüşdürmə kanalları riski
Beynəlxaq səviyyədə çirkli pulların yuyulmasına qarşı mübarizə aparan təşkilatlar.
-
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi-UNODC
Avropa Şurasının Direktivində göstərilib ki, kredit təşkilatları, maliyyə institutları, auditorlar, daşınmaz əmlak agentlikləri beynәlxalq sәviyyәdә maliyyә cinayәtlәri ilә mübarizә tədbirləri həyata keçirən orqanlardır.[4] Bunlardan biri də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi-UNODC adlanan qurumdur. Narkotiklər və Cinayətkarlıq İdarəsi BMT-nin narkotik vasitələr, mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə məşğul olan bölməsidir. Bu bölmə 1997-ci ildə yaradılmış çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Qlobal Proqramın icrasına cavabdehdir. PL/TM-ə qarşı Qlobal Proqramın qayəsi müvafiq yardım göstərməklə üzv dövlətlərin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirləri həyata keçirmək potensialını gücləndirməkdir.
-
Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF.
Beynәlxalq sәviyyәdә maliyyә cinayәtlәri ilә mübarizә tədbirləri həyata keçirən digər bir qurum isə Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-dır. FATF çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində ölkədaxili və beynəlxalq səviyyədə strategiya planlarının hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası bir qurumdur. FATF 1989-cu ildə “Böyük Yeddilik Dövlətləri (G–7)” nin Paris Zirvə Toplantısında təsis edilmişdir. Hazırda onun 39 üzvü vardır. FATF çirkli pulların leqallaşdırılması (PL) və terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı fəaliyyət üzrə beynəlxalq standartları müəyyən edir və dövlətlər üçün icrası məcburi xarakter daşıyan qərarlar qəbul edir. FATF üzv ölkələr tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində əldə edilmiş irəliləyişlərə nəzarət edir, PL/TM-ə qarşı mübarizədə iştirak edən digər beynəlxalq qurumlarla əməkdaşlıq edir. FATF 1990-cı ilin aprel ayında pulların leqallaşdırılmasına qarşı hərtərəfli fəaliyyət planı kimi çıxış edən 40 Tövsiyəni özündə əks etdirən hesabat hazırlamışdır. 2001-ci ilin oktyabr ayında terrorçuluğun maliyyələşdirilməsində qarşı mübarizəyə dair Səkkiz Xüsusi Tövsiyə hazırlanmış və qəbul edilmişdir. 2004-cü ilin oktyabr ayında pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Səkkiz Xüsusi Tövsiyəyə daha bir Tövsiyə əlavə edilmiş və FATF-ın Tövsiyələri 40+9 Tövsiyələri adı altında müəyyən olunmuşdur.[5]
-
Bank Nəzarəti üzrə Bazel komitəsi.
Beynәlxalq sәviyyәdә çirkli pulların yuyulması cinayәtlәri ilә mübarizә tədbirləri həyata keçirən qurumlardan biri də Bazel komitəsidir. Bank Nəzarəti üzrə Bazel Komitəsi bank nəzarəti üzrə prudensial standartları müəyyən edən orqandır. Bu qurumun əsas məqsədi nəzarət orqanları arasında müzakirələr formatında bank nəzarəti məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsidir.
-
Volfsberq Qrup.
Beynәlxalq miqyasda maliyyә cinayәtlәrinə qarşı mübarizә aparan peşəkar qurumlardan biri də Volfsberq Qrupdur. Bu peşəkar təşkilat bank sektorunda pulların yuyulması riskini minimuma endirmək məqsədilə 1999-cu ildə yaradılıb. Hazırda dünyanın ən böyük 12 bankı Volfsberq Qrupun üzvüdür. Bunlara “Santander”, “Citi”, “HSBC”, “Societe Generale”, “Bank of America”, “Deutsche Bank”, “JPMorgan Chase & Co”, “Standart chartered”, “Barclays”, “Goldman Sachs”, “MUFG”, “UBS” aiddir. Volfsberq Qrup çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə sahəsində prinsiplər müəyyən edir. Bu prinsiplər müştəri eyniləşdirilməsi, müxbir hesablar, risk əsaslı yanaşma və digər məsələləri əhatə edir.
-
Eqmont Qrup.
Bu peşəkar təşkilatlardan biri də Eqmont Qrupdur. Eqmont Qrup çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə müvafiq milli proqramların həyata keçirilməsinin dəstəklənməsi məqsədilə 170-ə yaxın ölkələrin Maliyyə Kəşfiyyat Orqanları üçün vahid forum təşkil edən qeyri-rəsmi bir təşkilatdır. Qlobal maliyyə kəşfiyyatı forumu kimi Eqmont Qrupu öz üzvü olan Maliyyə Kəşfiyyat Orqanları arasında məlumat mübadiləsini asanlaşdırır və təşviq edir.
-
Digər təşkilatlar.
Çirkli pulların yuyulmasına qarşı beynəlxalq səviyyədə mübarizə aparılmasında maliyyə institutlarının rolu böyükdür. Maliyyə institutlarının çirkli pulların leqallaşdırılmasına qarşı mübarizədəki əhəmiyyəti Avropa Şurası tərəfindən qəbul olunmuş direktivdə də öz əksini tapıb. Belə ki, maliyyə institutlarının ali məqsədi şübhəli əməliyyatların müəyyən edilməsi və müvafiq olaraq üst quruma məruzə edilməsidir.
Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə.
Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən əsas qurum Maliyyə Monitorinqi Xidmətidir. Həmçinin Mərkəzi Bankın nəzdində Maliyyə monitorinqi departamenti fəaliyyət göstərir. Bu departament kredit təşkilatları üzərində nəzarət orqanı kimi çıxış edir. Çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində qanunvericilik atlarına isə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunları aiddir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” adlanan 193-1-ci maddəsi ilə də bu əməllər kriminallaşdırılmış və tövsifedici hallar nəzərə alınmaqla on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur.
Nəticə.
Bütün beynəlxalq və dövlətdaxili praktikanı ümumiləşdirib belə bir nəticəyə gəlmək olar ki, beynәlxalq sәviyyәdә çirkli pulların yuyulmasına qarşı effektiv mübarizə aparılması üçün müvafiq orqanlarda, məsələn, kredit təşkilatlarında, daşınmaz əmlak agentliklərində və çirkli pulların leqallaşdırıldığı digər təşkilatlarda daxili nəzarət sistemi olmalıdır. Bu daxili nəzarət sistemi çərçivəsində həmin qurumlarda çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə aparan və baş kommersiya direktorunun (Chief Complains Officer-CCO) rəhbərlik etdiyi struktur bölmələr yaradılmalı və mütəxəsislər cəlb olunmalıdır. Həmin mütəxəsislər üçün dövri olaraq təlimlər keçirilməli, daxili audit mövcud olmalıdır. Bu təlim proqramların həyata keçirilməsinin zəruruliyi Avropa ittifaqının direktivində də göstərilmişdir.[6] Həmin mütəxəsislər isə mütəmadi olaraq həyata keçirilən əməliyyatları yoxlamalı və yalnız şübhəli və ya qeyri-adi əməliyyatlarla bağlı eyniləşdirmə həyata keçirməlidir. Yəni, risk əsaslı yanaşma əsas götürülməlidir. Risk əsaslı yanaşma qayda əsaslı yanaşma ilə müqayisədə, fikrimcə, bir sıra üstlünlüklərə məxsusdur. Birincisi, risk əsaslı yanaşma daha mütənasibdir. Yəni, müştәrilәrә fәrdi yanaşılır, bu isə onlara münasibәtdә daha mütәnasib tәdbirlәr görülməsinə səbəb ola bilәr. İkincisi, risk əsaslı yanaşma daha effektivdir. Belə ki, risklәrin effektiv qiymәtlәndirilmәsindә vә minimuma endirilmәsindә qanunvericilik orqanları ilə müqayisədə monitorinq subyektlәri daha effektiv üsullara sahibdir.
ƏDƏBİYYAT SİYAHISI
-
Avropa Parlamentinin və Şurasının 20 may 2015-ci il tarixli Direktivi (Aİ) 2015/849, Fəsil 1, Bölmə 1, Maddə 1. URL: https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=celex%3A32015L0849
-
“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. URL : https://e-qanun.az/framework/35913
-
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 4. URL: https://e-qanun.az/framework/53369
-
Maliyyə sistemindən çirkli pulların yuyulması məqsədilə istifadəsinin qarşısının alınmasına dair 10 iyun 1991-ci il tarixli 91/308/EEC saylı Avropa Şurasının Direktivi. URL: https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=celex%3A31991L0308
-
FATF-ın tövsiyələri, URL: https://www.fiu.az/uploads/content/docs/international_documents/fatf_standartlari.pdf
-
Avropa Parlamentinin və Şurasının 20 may 2015-ci il tarixli Direktivi(Aİ) 2015/849, Fəsil VI, Bölmə 1, Maddə 46. URL: https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=celex%3A32015L0849
-
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, URL: https://e-qanun.az/framework/46947