Ölümlərin ən gözəli, ən müqəddəsi, ən unudulmazı, ən qürurlusu və uca zirvəsidi şəhidlik zirvəsi. Ulu babalarımızdan bizlərə miras qalan vətən torpağını canları, qanları bahasına qoruyan Azərbaycanın igid, mərd, qəhrəman, cəsur oğulları adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdılar. Hər biri özündən sonra unudulmaz həyat hekayəsi buraxdı.
Erməni cəlladlarının Tovuz rayonunda törətdikləri son təxribat nəticəsində general, zabit və əsgərlərimiz eyni səngərdə sinələrini xain düşmən gülləsinə sipər etdilər. Etdilər ki, təki vətən yaşasın! Onların bu qəhrəmanlığı milyonlarla azərbaycanlını bir ürəkdə, bir yumruqda birləşdirdi. İnşallah bu qəzəblənmiş yumruq tezliklə düşmənin başına enər. Əks halda şəhid övladlarının gözlərindən axan heç bir damla yaş bizi bağışlamayacaq. Yalnız o qisas günü gəldiyində şəhid analarının fəryadı dinəcək, şəhid övladlarının göz yaşı quruyacaq.
Başını uca tut ey şəhid anası! Başını uca tut şəhid övladı! Sizin başınız uca olsuun deyə, bu vətənin başı uca olsun deyə şəhid olub o igidlər! Doğmaları, əzizləri, bütün Azərbaycan xalqı bu torpaq üzərində xoşbəxt, firavan yaşasın deyə! Şəhid övladlarının gözlərində yaş yox, qürur, fəxr görmək istəyirəm! Bu günahsız, məsum körpələri atasız qoyan cəllad, erməni dığaları öz mənfur əməllərinə baxıb sevinməsinlər deyə dik durun, əyilməyin, mübariz olun! Bu gün bütün Azərbaycan sizinlədir!
Şəhidlərin dəfnində kədər və qürurun vəhdətində şəhid övladlarının yanaqlarına axan yaşları gördükdə ürəyimi dağlayan, parçalayan hisslər beləcə misralara dönüşdü:
Ağlama, ağlamaz şəhid balası!
Həzin hıçqırığı sinə dağlayan,
Göz yaşını gözlərində saxlayan,
Bu qan yerdə qalmaz…Toxta bir dayan,-
Ağlama, ağlamaz şəhid balası!
Bilirəm sızlayan yaran dərindi,
Necə deyim dərdi, qəmi dər indi?!
Yadda saxla düşmənini gör indi,-
Ağlama, ağlamaz şəhid balası!
Atan can veribdi vətən yolunda,
Şimşək vardı biləyində, qolunda.
Bax, belə olasan oğul olanda,
Ağlama, ağlamaz şəhid balası!
Haçan ki al qanın çalxandı sənin,
Qeyrətin vətənə qalxandı sənin,
Bütöv Azərbaycan arxandı sənin,
Ağlama, ağlamaz şəhid balası!