“Newpost.az” xəbər portalı olaraq bugün sizlərin görüşünə cəmiyyətimizi hər zaman düşündürən və maraqlı olan bir mövzu ilə gəlmək istədik. Mövzumuz – “Psixoloq kimdir?”, “Bizə nə üçün lazımdır?”, “Hansı məsələlərdə bizlərə yardımçı ola bilər?” və s. kimi suallara cavab tapmağa çalışacağıq.
Gündəlik həyatımızda eşitdiyimiz “Psixoloq” sözünü hər birimiz fərqli şəkildə başa düşürük. Bəziləri psixoloqu məsləhət verən, bəziləri ruhi xəstəliyi olan insanlarla işləyən mütəxəssis kimi başa düşür. Bəzilərimiz isə ancaq zəif insanların psixoloqa ehtiyacı olduğunu düşünürük. Bəzən də “Psixoloq yanına get” deyə bir-birinə məsləhət verərkən, qarşı tərəfdən “Elə mən özüm psixoloqam!” deyə cavablandıranlar da olur.
Müsahibimiz sözügedən sahənin ölkəmizdə ən tanınmış mütəxəssisi, işini sevərək bu sahədə kifayət qədər öz sözünü deyən, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin üzvü, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının Həqiqi Üzvü, Supervizoru və Beynəlxalq Pedaqoqu, “America Counceling Association”nın Həqiqi Üzvü, Psixoloq/Konsultant Təhminə Çələbidir.
Təhminə xanım xoş gördük!
Əvvəldə də qeyd etdiyim kimi istərdim ilk öncə mövzu ilə bağlı suallara aydınlıq gətirək:
“Psixoloq kimdir”? “Bizə nə üçün lazımdır”?, “Hansı məsələlərdə bizlərə yardımçı ola bilər”?
Psixoloq insan ruhunun həkimi adlandırılır. Yəni əslində biz dəfələrlə bu ifadəni eşitmişik ki, “sağlam bədəndə daim sağlam ruh olur”. Psixologiyada, psixosomatikada bunun açıqlaması çox gözəl verilir, yəni psixoloji durumun fizioloji duruma bilavasitə təsiri var. Əgər bir çox xəstəliklər öz kökünü psixoloji durumdan götürürsə bu zaman “psixoloq kimdir?” sualının cavabını bu cür cavablandırmaq olar – psixoloq bizim ruhumuzun həkimidir. Pxisoloq, ümumiyyətlə, bir növ özü insanın güzgüsünə çevrilməlidir. Və sanki psixoloq insanın aynasıdır, onun özünü əks etdirir, görmədiklərini göstərir. İnsanlarda çox yalnış bir fikirlər var ki, gəlim, məsləhət alım. Məsləhət dediyimiz ola bilər sağlamlıqla bağlı tövsiyələr olsun, amma həyatımla bağlı məsləhətlər və yaxud bütün məsuliyyəti gedim psixoloq həll etsin belə bir şey yoxdur. Əgər söhbət peşəkar psixoloqdan gedirsə, peşəkar psixoloq insana öz həyatının məsuliyyətini öz əlinə götürməyə kömək edir. Onun özündə görmədiyi müəyyən şeyləri güzgü kimi onun daxilinə əks etdirir və onlar birlikdə bunun öhdəsindən gəlməyə başlayırlar. Psixoloji immunitet, çatışmayan müəyyən xüsusiyyətlər, resurslar və s. bunlar bərpa olduqdan sonra artıq insan psixoloqsuz normal öz yolu ilə davam edə bilir.
Bir çox məsələlərdə təbii ki, bölgülər mövcuddur. Bu uşaqlıqdan ta yetkin yaşa kimi olan insanlarla bağlı problemlər ola bilər. Ümumiyyətlə, dünyada insanı öyrənən bir çox sahələr var, amma məsələ burasındadır ki, psixologiya bütün bu sahələrin hamısını özündə ehtiva edir. Psixologiyada bütün yaş krizisləri var. Bütün böhran dövrləri var: uşaqlıqda, evlilikdə, yəni təqaüd dövrünə qədər olan dövrlərdə bu böhranlar bizi izləyir. Və bu zaman adlardan da aydın olduğu kimi insan yaşının bütün dövrlərində psixoloqa ehtiyac duya bilər. Psixiloqa biraz belə yanaşma yalnışdır, yəni daha çox el arasında bu söz çox istifadə olunur – “mənə ağıl öyrədəcək” – qətiyyən belə deyil. Biz necə digər həkimlərə müraciət ediriksə, məsələn dişimizi biz özümüz nə müalicə etmək, nə də çəkməyə çalışmırıq bunun üçün stamotoloqa müraciət edirik və yaxud digər sahə həkimlərinə müraciət etdiyimiz kimi psixologiyada da təbii ki, öz resurslarımızın bərpası, müəyyən klinik problemlər, nevrozlar, yəni medokomentoz yazılıbsa belə onunla bərabər psixoterapiya almaq insana çox kömək edir. Çünki bir çox travmaların nəticəsində insanda nevrozlar və s. digər xoşagəlməz psixoloji narahatçılıqlar yarana bilər. Bunlar müalicə almayanda stress çoxalır, stress çoxaldıqda isə bizim psixoloji immunitet aşağı düşür, beləliklə bir çox xəstəliklərə tutula bilirik.
Təhminə xanım, düşünürəm ki, cəmiyyətimizi maraqlandıram əsas suallardan biri aqressiya ilə bağlıdır. Ümumiyyətlə “Aqressiya nədir” və aqressiv olan insanlara məsləhətiniz nə olardı?
Ümumiyyətlə insan dünyaya gəldikdə 78 reflekslə dünyaya gəlir. Bu reflekslərin hamısı insanda olmalıdır. Bunların içərisində qorxu, həyəcan və özünü qoruma instinkti də mövcuddur. Bəzən aqressiya nə zaman ortaya çıxır? Qoruma mexanizmi zamanı, insan özünü qorumaq lazım gəldikdə aqressiya ön plana çıxa bilir. Tam olaraq aqressiya pis bir şeydir deyə bilmərik. Amma təbii ki, qədərində olmalıdır. Yəni aksentuasiyanı keçibsə, normadan artıqdırsa bəli bu zaman aqressiya artıq mənfi hal hesab oluna bilər. Ümumiyyətlə insanın emosiyaları bütün resurslara malikdir və bütün emosiyaları hiss etməlidir. Bunun daxilində qorxu da, həyəcan da, aqressiya da var, hər bir şey də var. Biz bunu idarə etdiyimiz təqdirdə hər şey normaldır, yəni hər bir insanda aqressiya, qəzəb yarana bilər. Amma əsas məsələ odur ki, biz bunu idarə edib qaydasına qoya bilirik. Bilmədiyimiz təqdirdə artıq ətrafdakılar bunu hiss edir, artıq digər insanlar bunun fərqindədir və biz istəmədiyimiz durumlara düşürük. Aqressiya bir xarakter deyil. İlk öncə biz bunu qəbul etməliyik ki, “filankəs çox aqressiv insadır” cümləsi çox yalnışdır. Orada müəyyən psixoloji narahatçılıqlar var. İnsan özünü, emosiyalarını idarə edə bilmir və bu da aqressiyanın idarə olunmaz səviyyəsinə gəlib çatır. Burada ola bilsin ki nevroz var, digər müəyyən nevrotik xüsusiyyətlər formalaşıb ki, biz buna xarakter deyirik və ətrafdakı bütün insanlar ona uyğunlaşmağa başlayır. Bu zaman aqressiv insan öz daxilində rahatlıq tapmır, yəni insanlar bəzən onu qınayırlar. Amma aqressiv insanın daxilində o qədər harmoniya yoxdur, o qədər narahatçılıq var ki, artıq biruzə verməyin fərqində belə deyil. Təbii ki, aqressiv insanlar bəzən, hətta uşaqlarda aqressiya olduğu zaman həmişə valideynlərə tövsiyə edirik ki, uşaq çox aqressivdirsə o sizdən sevgi istəyir, yəni istədiyi sevgini ala bilmir. Yəni sevgi anlayışı aqressiyanı tam sakitləşdirə bilir. Yenə də burada fərdi yanaşma önəmlidir, ancaq insanda aşırı aqressiya olarsa bu xarakter deyil və yardıma ehtiyac var.
İnsanları ən çox düşündürən məsələlərdən biri də depressiya ilə bağlıdır. “Depressiya özü nədir” və ondan çıxış yolunu necə görürsünüz?
Depressiya əslində ciddi bir diaqnozdur. Depressiya əsasən insanlar arasında geniş yayılan kefim yoxdur depressiyadayam, sevgilimdən ayrıldım depressiyadayam, dərslərim çoxdur depressiyadayam, bugün nəsə depressiyadayam və s. kimi ifadələr var ki, bunlar depressiya hesab olunmur. Depressiya daha ciddidir. Bəzən çox kəskin əhval dəyişiklikləri ilə xarakterizə olunur. Yəni əgər bir insanın gün ərzində kefi çox yaxşıdırsa 5-10 dəqiqə sonra kefi kəskin olaraq aşağı düşür, həyatdan bezir, daha sonra yenə dəyişir ki bu depressiyanın növlərindən hesab olunur. Digər geniş yayılmış depressiya növü var ki, daim fəaliyyətdə olan, öz işlərini görən insan uzanır və bir nöqtəyə tavana baxır, şəxsi gigiyena qaydalarına belə əməl etmək istəmir, aclıq hiss etmir və emosional heç bir şey hiss etməməyə başlayır ki bu da depressiya hesab olunur. Depressiya zamanı mütləq medokomentoz və psixoterapiya müalicəsi lazım olur. Əgər kənardan insanlar digərinin depressiyada olduğunu görürlərsə mütləq həmin insana kömək təklif etməli və onu vəziyyətdən çıxartmağa çalışmalıdırlar. Depressiya hansısa post-travmatik hadisələrdən müəyyən müddət sonra da baş verə bilər. Bu hal insanın özünə səbəbsiz gələ bilər, amma mütləq şəkildə onun keçmişdə müəyyən bir səbəbləri mövcuddur. Alfred Adler depressiyanı bu cür xarakterizə edib: “Gələcək haqqında ümidsiz düşüncələr insanı depressiyaya sala bilir”. Bu səbəbdən psixoloji durum çox önəm daşıyır.
Əksər insanlar həyatda uğur qazanmaq barədə düşünürlər, lakin bu hamıya qismət olmur. Ümumiyyətlə, “Uğur özü nədir?” və onu qazanmaq üçün insan nələr etməlidir?
Uğur özü çox optimist və pozitiv bir kəlmədir. Amma biz uğurun tərifini deyə bilmərik, çünki bu insana görə dəyişir. Mənə görə uğur başqa, sizə görə başqa, digərinə görə də tam başqa bir şey ola bilər. Yəni idmançı uğuru 1-ci yerə çıxmaqda görürsə, digəri uğuru hansısa pərdəarxası ssenarinin yazılmağında görür. Və yaxud hansısa bir layihənin həyata keçməyində, gözəl bir ailənin qurulmasında, övlad dünaya gətirməkdə görür. Uğur insanın dəyərlərinə görə dəyişir. İnsan uğurlu olduğunu hiss etdikdə natamamlıq kompleksi həmin insanda itir. Yəni uğur insanın özünü tam hiss etməsi üçün lazımlı bir vasitədir. Yalnış odur ki, biz insanların xoşuna gəlmək üçün uğur əldə etmək istəyirik. Biz özümüzün əsl məqsəd və hədəflərimizi müəyyən edib ona doğru gediriksə bax əsl uğur budur. Əsl uğur həyatda öz istəklərini bilib onları həyata keçirmək istəyidir. Yəni bu cəmiyyət tərəfindən qəbul olunan və yaxud tanınmaq istəyirəm, şöhrətli olmaq istəyirəm, təki hamı desin ki, uğurludur, amma eybi yox olmasam da olar kimi fikirlər insanda natamamlıq kompleksinin varlığından xəbər verir. Yəni əsas məsələ cəmiyyətin məni möhtəşəm hesab etməsidir fikri insanın daxilindəki natamamlığın mövcudluğunu bildirir. Amma mən öz sahəmdə öz sevdiyim işlə məşğulam, bunu seçmişəm və burada qazandığım uğurlar natamamlıq kompleksini tamamilə götürür. İnsanı həqiqətən tam hiss etdirməyə kömək edir. Ona görə uğurlu insan hansı insandır sualını versəniz – həyatda öz istəklərini bilən, öz yolunu tapan və həmin yolla rahat gedə bilən insanlar uğurlu insanlardır. Fərqi yoxdur nə ilə məşğuldur – meşədə ən yaxşı meşəbəyi olmaq da ola bilər və yaxud da hansısa bir sosial mühitdə ən gözəl yazar da ola bilər. Yetər ki, insan özünü tapsın.
Təhminə xanım, maraqlı müsahibə və əhatəli cavablar üçün sizə təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq!